17 fevral 2026 00:35
95

Almaniya sərhəd nəzarətini sentyabradək uzatmağı nəzərdə tutur

Almaniya sərhəd nəzarətinin daha altı ay uzadılmasını nəzərdə tutur.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi Avropa Komissiyasına Almaniyanın quru sərhədlərindəki daxili nəzarət tədbirlərinin martın 15-dən sonra da ilkin olaraq daha altı ay davam etdiriləcəyini bildirib. Nazirliyin sözçüsü sərhəd nəzarətinin indiyədək mövcud olan miqrasiya və təhlükəsizlik siyasəti səbəblərinə görə hələ də zəruri olduğunu qeyd edib.

Daxili işlər naziri Aleksander Dobrindt isə sərhəd nəzarətinin Almaniyada miqrasiya siyasətinin yenidən fomalaşdırılmasının bir elementi olduğunu bildirib.

Xatırladaq ki, Almaniyanın bütün quru sərhədlərində yoxlamalar 2024-cü il sentyabrın 16-dan həyata keçirilir. Həmin vaxtdan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Müvəqqəti xarakter daşıyan bu nəzarətlər indiyədək iki dəfə uzadılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Sərhəd nəzarəti 2025-ci ilin mayından daha da sərtləşdirilib.