14 fevral 2026 19:40
102

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə Avstriyanın paytaxtı Vyana şəhərində rəsmi səfərdə olub.

Vəkillər Kollegiyasından “İki sahil”ə verilən məlumata görə, nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının “Mübadilə, əməkdaşlıq və dəstək platforması” Komitəsinin növbəti iclasında iştirak edib.

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının Daimi Komitələrinin iclaslarında isə gündəlikdə olan məsələlərlə bağlı müzakirələr aparılıb və təşkilatın gələcək fəaliyyət istiqamətlərinə dair qərarlar qəbul olunub.

Nümayəndə heyəti Avropa ölkələrinin Vəkillər Kollegiyaları rəhbərlərinin 54-cü konfransında da iştirak edib.

Səfər çərçivəsində gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa Vəkillər Kollegiyalarının rəhbərləri, eləcə də bir sıra ölkələrin vəkillər kollegiyalarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi, birgə təşəbbüslər və Avropa Vəkillər Kollegiyalarının təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.