13 fevral 2026 21:47
127

Ulf Kristersson: Avropanı daha rəqabətli etmək üçün irəli getməyin vaxtıdır

Aİ-nin ABŞ ilə münasibətləri pisləşib.

“İki sahil” xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson bunu Münhen Təhlükəsizlik Konfransında iştirak etməzdən əvvəl "X" sosial şəbəkəsində yazıb.

"Transatlantik münasibətlər dəyişib. Bu faktdır. ABŞ həyatımız boyu Transatlantik təhlükəsizliyin və rifahın dayağı olub. İndi Avropaya qarşı tamamilə fərqli ritorika ilə qarşılaşırıq və münasibətlərimizin zərər gördüyünü dürüstlüklə etiraf etməliyik", - o qeyd edib.

Bununla yanaşı, Baş nazir vurğulayıb ki, Aİ ABŞ ilə münasibətlərindən imtina etməməli, əksinə Avropa daha müstəqil olmalı və digər tərəfdaşlarla əməkdaşlıq etməlidir.

Onun sözlərinə görə, indi Avropanı daha rəqabətli etmək üçün irəli getməyin vaxtıdır: vahid bazarda maneələrin aradan qaldırılmasından və bürokratiyanın azaldılmasından tutmuş qlobal ticarətin və iqtisadi təhlükəsizliyin artırılmasına qədər.