ABŞ Hindistanın Reliance Industries Ltd şirkətinə Venesueladan birbaşa neft almağa imkan yaradan lisenziya verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" iki mənbəyə istinadla məlumat yayıb.
Reliance lisenziya üçün müraciəti yanvarın əvvəlində təqdim etmişdi. Sənəd Venesuela mənşəli artıq hasil edilmiş neftin alınması, ixracı, satışı və onun məhsullarının emalını icazə verir. Reuters qeyd edir ki, Venesueladan birbaşa neft alınması Reliance-ə iqtisadi baxımdan Rusiyadan alınan nefti əvəz etməyə kömək edəcək. Agentliyin mənbələrindən biri bildirib ki, Karakasdan gətirilən ağır neft endirimlə satılır.
2025-ci ilin ortalarına qədər Hindistana Rusiyadan gündə 2 milyon barrel neft tədarük olunurdu. Reuters məlumat verir ki, Hindistanın neft emalı müəssisələri Avropa İttifaqı və ABŞ tərəfindən təzyiq səbəbindən aprel ayı üçün Rusiyadan tədarüklərdən çəkinirlər və uzunmüddətli perspektivdə də bu siyasəti davam etdirəcəkləri gözlənilir.