13 fevral 2026 11:48
161

Rəqəmsal inkişaf strategiyası: yeni çağırışlar və strateji hədəflər

Müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə milli maraqlara əsaslanan inkişaf modelini ardıcıl və məqsədyönlü şəkildə həyata keçirən Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ilə bir daha nümayiş etdirib ki, rəqəmsallaşma artıq strateji zərurətdir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal islahatların dərinləşdirilməsi faktiki olaraq dövlətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edir. Bu yanaşma göstərir ki, texnoloji transformasiya iqtisadi artımın yeni mərhələsini formalaşdıran əsas amillərdən biridir və qlobal rəqabət məhz bu sahədə baş verir.

Müasir dünyada iqtisadi və siyasi güc anlayışı dəyişir. Əgər əvvəlki mərhələlərdə enerji resursları və sənaye istehsalı əsas göstərici idisə, bu gün məlumatın idarə olunması, innovasiya potensialı və süni intellekt texnologiyalarının tətbiqi həlledici rol oynayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Bu kontekstdə artıq görülmüş işlər mühüm baza formalaşdırsa da, əsas məqsəd rəqəmsallaşmanı prioritetlər siyahısında ön sıraya çıxarmaqdır. Süni intellekt alqoritmlərinin dövlət idarəçiliyinə inteqrasiyası, böyük verilənlər bazasının effektiv istifadəsi və milli data mərkəzlərinin yaradılması iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun güclənməsinə real töhfə verəcəkdir. Bu amil, eyni zamanda, şəffaflıq, operativlik və səmərəlilik baxımından yeni idarəetmə modelinin formalaşmasına xidmət edəcək.

Asiya ilə Avropa arasında yerləşmək təkcə nəqliyyat-logistika üstünlüyü deyil, həm də rəqəmsal tranzit baxımından mühüm strateji imkandır. Şimal–Cənub və Şərq–Qərb dəhlizləri üzərində yerləşmək artıq yalnız fiziki yüklərin daşınması deyil, həm də məlumat axınının idarə olunması perspektivini yaradır. İndiyədək həyata keçirilmiş iri enerji və nəqliyyat layihələri geniş texniki və institusional təcrübə formalaşdırıb. Neft-qaz kəmərlərinin tikintisi zamanı fiber-optik xətlərin paralel şəkildə çəkilməsi gələcək rəqəmsal şəbəkənin əsasını qoyub. Xəzərin Şərq sahillərini birləşdirəcək fiber-optik kabel layihəsinin icrası isə ölkəni regional rəqəmsal qovşağa çevirəcək. Bu faktor Şərq istiqamətində məlumat ötürülməsini sürətləndirəcək, Qərb istiqamətində isə yeni rəqəmsal marşrutların formalaşdırılması üçün əlavə imkanlar yaradacaq. Dövlətimizin başçısının vurğuladığı kimi, bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var - beynəlxalq şirkətlərlə olan əlaqələr, böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir”.

Rəqəmsal iqtisadiyyatın inkişafı güclü enerji təminatı olmadan mümkün deyil. Data mərkəzləri, süni intellekt platformaları və böyük hesablama gücü tələb edən texnologiyalar davamlı və etibarlı enerji mənbələrinə söykənir. Son 20 ildə generasiya gücünün təxminən iki dəfə artırılması və hazırda 10 min meqavata çatdırılması bu sahədə möhkəm baza yaradıb. Ən azı 2 min meqavat istifadə edilməyən potensialın mövcudluğu rəqəmsal layihələrin icrası üçün əlverişli şərait yaradır. Qaz, hidro, Günəş və külək enerjisi stansiyalarının paralel inkişafı enerji təhlükəsizliyini təmin etməklə yanaşı, yaşıl enerji modelinə keçidi sürətləndirir. Xarici tərəfdaşlarla imzalanmış yaşıl enerji layihələri və ixrac planları isə gələcəkdə əlavə generasiya güclərinin formalaşacağını göstərir. Bu isə həm sənaye artımını, həm də rəqəmsal infrastrukturu dayanıqlı şəkildə təmin etməyə imkan verəcək.

Son iki onillikdə iqtisadiyyata 350 milyard dollardan çox sərmayənin qoyulması investisiya mühitinin sabitliyinin göstəricisidir. Xarici və yerli sərmayələrin qanunvericilik və praktiki mexanizmlərlə qorunması biznes üçün etibarlı zəmin yaradır. Uzunmüddətli neft-qaz müqavilələrinin sabit icrası transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsini daha da möhkəmləndirib. Dünyanın aparıcı maliyyə fondları ilə əməkdaşlıq, xüsusilə Azərbaycan Dövlət Neft Fondunun uzun illərdir bu təsisatlarla işləməsi rəqəmsal layihələr üçün maliyyə cəlbini asanlaşdırır. Qlobal texnologiya şirkətləri ilə aparılan danışıqlar və müsbət nəticələr göstərir ki, ölkə rəqəmsal transformasiya prosesində etibarlı tərəfdaş kimi qəbul olunur.

ABŞ, Avropa məkanı və Çin ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri rəqəmsal əməkdaşlıq üçün geniş imkanlar yaradır. Xüsusilə ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası süni intellekt, data mərkəzləri və yüksək texnologiyalar sahəsində əlaqələrin institusional çərçivəsini müəyyən edir. Eyni zamanda Çin ilə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədi innovasiya, rəqəmsal infrastruktur və texnologiya transferi baxımından mühüm perspektivlər yaradır. Bu çoxvektorlu əməkdaşlıq modeli ölkəni qlobal texnoloji proseslərin fəal aktoruna çevirəcəkdir.

Rəqəmsal arxitekturanın effektiv qurulması üçün dövlət qurumları arasında sıx koordinasiya əsas şərt kimi müəyyən edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə konkret fəaliyyət planının hazırlanması tapşırılıb və qısa müddətdə bu planın təqdim olunması nəzərdə tutulur. Hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxsin müəyyənləşdirilməsi idarəetmədə operativliyi artıracaq. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən təqdim olunması isə vətəndaş məmnunluğunu yüksəldəcək, resursların optimallaşdırılmasına və şəffaflığın artırılmasına xidmət edəcək.

Rəqəmsal keçid uzunmüddətli və mərhələli prosesdir. Bu prosesin uğuru birbaşa insan kapitalının səviyyəsindən asılıdır. Ali təhsil müəssisələrində informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik ixtisaslarının genişləndirilməsi, xaricdə təhsil proqramlarının bu istiqamətə yönəldilməsi vacibdir.

Eyni zamanda orta məktəblərdə şagirdlərə ilkin rəqəmsal biliklərin aşılanması gələcək nəsillərin texnoloji dünyaya hazırlığını təmin edəcək. Bu sahədə mütəxəssislərə artan tələbat nəzərə alınaraq sistemli kadr siyasəti formalaşdırılmalıdır. Süni intellektin dövlət qurumlarında tətbiqi qərarvermə prosesinin keyfiyyətini artıracaq. İnkişaf etmiş ölkələrdə artıq süni intellekt agentləri dövlət məmurlarına analitik dəstək göstərir, riskləri proqnozlaşdırır və alternativ ssenarilər təqdim edir. Bu təcrübənin tətbiqi idarəetmənin modernləşdirilməsinə xidmət edəcəkdir.

Kibertəhlükəsizlik isə rəqəmsal transformasiyanın ayrılmaz hissəsidir. Ötən il baş vermiş mütəşəkkil kiberhücumlar göstərdi ki, bu sahədə daimi hazırlıq və qabaqlayıcı tədbirlər zəruridir. Prezident İlham Əliyev vurğulayıb ki, bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır. Bu mərkəzin uğurlu fəaliyyəti milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü yalnız texnoloji layihə deyil, kompleks strateji yanaşmadır. Enerji potensialı, coğrafi mövqe, beynəlxalq tərəfdaşlıq şəbəkəsi və sabit investisiya mühiti bu istiqamətdə mühüm üstünlüklər yaradır. Süni intellekt, data mərkəzləri və rəqəmsal idarəetmə modelləri gələcək onilliklərin iqtisadi güc balansını müəyyən edəcək əsas amillərdir. Vahid fəaliyyət planının hazırlanması və icrası isə bu strateji hədəflərə çatmaq üçün mühüm mərhələdir. Bu yanaşma rəqəmsal transformasiyanın sistemli və davamlı şəkildə həyata keçirilməsinə imkan verəcək.

Heydər Əsədov,
​Milli Məclisin deputatı