03 aprel 2026 09:55
122

Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur

Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən təşkilatın gələcək inkişafı ilə bağlı çağırışlarında bu məqamlar xüsusi qeyd edildi ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib

Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi kimi görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra bu çağırışı etmişdir ki, bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Reallıq budur ki. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Vətən müharibəsində Türk dünyasının birliyinin şahidi oldu. Müharibənin başlandığı andan qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi bizə əlavə güc verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan tək deyil» çağırışı özündə əsas məqamları ehtiva etdi. Hazırda bu birlik azad edilmiş ərazilərimizn bərpasında özünü daha aydın şəkildə nümayiş etdirir. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.

Azərbaycanın Türk dünyasının biriliyinə, həmrəyliyinə töhfələri davamlılığı ilə diqqətdədir. Bu baxımdan aprelin 2-də ölkəmizdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən çıxışında «Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı bu dəfə Bakıda keçirilir» söyləyərək bu əminliyi ifadə etdi ki, bu görüşün çox böyük faydası olacaq. Hər zaman olduğu kimi, ölkələrimiz birlik, həmrəylik göstərəcəklər. Eyni zamanda, qarşımızda duran önəmli iqtisadi məsələlərin müzakirəsi üçün də bu görüşün çox böyük əhəmiyyəti var. Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir. Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımların atılacağını da diqqətə çatdırdı. Vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır. Biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir: «Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq. Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq.»

Çıxışda diqqət göstərilən məqamlardan biri də bu oldu ki, təşkilatın inkişafı üçün Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir. Əvvəldə də qeyd etdyimiz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlanıb. Artıq bu, ənənə halına çevrilib. Quruma üzv ölkələrin dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Prezident İlham Əliyev vurğuladı ki, çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq.

İqtisadi sahəyə gəldikdə isə Azərbaycanın bütün üzv ölkələrlə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Ölkəmiz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Azərbaycanın Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır.

Hər zaman qeyd etidyimiz kimi, bu gün beynəlxalq ictimaiyyət Türk dünyasının birilyini Qarabağın bərpasında görür. «Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir» bildirən cənab İlham Əliyev vurğuladı ki, artıq Özbəkistan tərəfindən hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır. Bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də yanımızda qardaş ölkələrdir. Azərbaycan da öz növbəsində hər zaman lazım olan dəstəyi göstərməyə hazırdır və bunu edir. Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra Azərbaycan öz qardaşlıq dəstəyini göstərmiş və ölkəmizin maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon Amerika dolları dəyərində “Azərbaycan məhəlləsi” tikilib: «Yəni bu, həm bir-birimizə göstərilən praktiki yardımlardır, eyni zamanda, bizim niyyətimizi göstərir. Eyni zamanda, bizim xalqlarımıza bir daha yol göstərir ki, biz bir-birimizin yanında olmalıyıq. Bütün dünyaya isə göstərir ki, Türk dünyası, Türk Dövlətləri Təşkilatı hər zaman - yaxşı günlərdə və çətin günlərdə üzv ölkələr səviyyəsində və təşkilat olaraq vahid məqsədlərə çatmaq üçün əlindən gələni əsirgəmir.»

Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi Orta Dəhliz layihəsidir. Bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur yaradıb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə ötən ilin avqustunda dövlət başçısı İlham Əliyevin ABŞ-a səfərinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə bu məqamlara da xüsusi diqqət yönəltdi. Bildirdi ki, bu gün hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Belə bir əminlik ifadə edildi ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcək. Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaq. Bu, Orta Dəhlizin bir qolu olacaq və inşa edilən dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz həm öz maraqlarımızı təmin, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Bu, bir daha göstərir ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib.

Göründüyü kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz sözügedən görüşdəki çıxışında bildirdi ki, Türk Dövlətləri Təşkilatı çox qısa müddətdə böyük yol qət etdi. Qarşıdakı dövrdə bu daha da dərinləşərək davam edəcək. Təşkilata sədrliyiniz çox uğurla davam edir. Onu da qeyd etdi ki, Qarabağdakı inkişafa görə də hamımız qürur, iftixar duyuruq. Qarabağ yenidən Azərbaycan oldu, azadlığına qovuşdu. Ancaq bununla da kifayətlənilmədi, Qarabağda böyük inkişaf, sərmayələr var. İnşallah, yaxın zamanda hamımız birlikdə daha çox inkişaf etmiş Qarabağı görəcəyik. Biz də Türkiyə Cümhuriyyəti olaraq əlimizdən nə gəlirsə, daim Qarabağın, Azərbaycanın yanındayıq. Çətin dövrlərdə, xoş zamanlarda daim bir-birimizə dəstək oluruq. Xüsusilə dünyada qurumların zəiflədiyi, qaydaların zəiflədiyi bir dövrdə regional əməkdaşlıqlar daha böyük önəm qazanmışdır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı yeni dövrdə əvvəlkindən də daha önəmli bir mövqeyə gəlmişdir.

Cevdet Yılmazın bu fikirlərinin davamı olaraq Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bildirdi ki, TDT gündən-günə inkişaf edir və güclənir. Təşkilatın beynəlxalq müstəvidə rolu artmaqdadır. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri TDT dövlətləri ilə əməkdaşlıqdır və bu da bizim təşkilatın daha da möhkəmlənməsinə xidmət edir.

Görüşün yekununda çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün burada səslənən fikirlər bir daha onu göstərir ki, təşkilatımızın çox gözəl gələcəyi var. Çünki hər bir üzv ölkə və müşahidəçi ölkə təşkilatımızın güclənməsini istəyir. İstəyir ki, təşkilatımız dünya arenasında daha önəmli rol oynasın və əminəm ki, biz buna nail olacağıq: «Təşkilatımızı bütün istiqamətlər üzrə elə gücləndirməliyik ki, illər keçdikcə təşkilatımız dünya miqyasında qlobal aktora çevrilsin. Yenə də deyirəm, buna nail olmaq üçün bütün imkanlar var. Birincisi, bizim birliyimiz, ortaq etnik köklərimiz, böyük coğrafiyamız, enerji resurslarımız, nəqliyyat yollarımızdır. Bu gün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yan keçmək mümkün deyil. Biz investisiya qoymaqla, hər bir ölkə öz ərazisində sərmayə qoymaqla bu coğrafiyanı daha da önəmli bir amilə çeviririk.»

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini də qəbul etdi. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi bildirildi. Söhbət zamanı Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə toxunuldu, bu tədbirin təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.

Cevdet Yılmaz bu toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iştirakını da məmnunluqla qeyd edərək, buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyini və həmin tədbirdə yaxşı nəticələrin əldə edildiyini deyən qonaq Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurlu olduğunu vurğuladı. Görüş zamanı, həmçinin Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Yeganə Əliyeva, «İki sahil»