13 fevral 2026 11:35
135

Toğrul Hüseynov: Bələdiyyə aktlarının 97,2 faizi qanunvericiliyə uyğundur

2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81 min 711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2 faizinin qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib.

“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”, - deyə Toğrul Hüseynov qeyd edib.