12 fevral 2026 20:34
92

Ombudsman Aparatının əməkdaşı ENNHRI-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun onlayn görüşündə çıxış edib

Azərbaycan Ombudsman təsisatı beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində insan hüquqlarının müxtəlif sahələrinə dair təcrübə mübadiləsi aparılmasına xüsusi diqqət yetirir. Bu kontekstdə təsisat üzvü olduğu Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə İşçi Qrupunda davamlı olaraq təmsil olunur.

“İki sahil” xəbər verir ki, İşçi Qrupun onlayn formatda keçirilmiş növbəti görüşü müxtəlif ölkə qanunvericiliklərində əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşmanın əks etdirilməsi mövzusuna həsr olunub. İclasda Almaniya, Belçika, Azərbaycan, Ukrayna, Fransa, Sloveniya, İsveç milli insan hüquqları təsisatlarının nümayəndələri öz ölkələrində milli qanunvericilikdə zəruri uyğunlaşdırma tədbirləri ilə bağlı mövcud normalar barədə məlumat veriblər.

Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi və həmin İşçi Qrupun üzvü Şəhla Aslanova onlayn görüşdə təqdimatla çıxış edərək, ölkəmizdə mövcud olan normativ hüquqi aktlarda ağlabatan uyğunlaşma ilə bağlı öz əksini tapan normalar barədə danışıb. Çıxış zamanı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda bu anlayışın təsbit edildiyi və ağlabatan uyğunlaşmadan imtinanın ayrı-seçkilik hesab olunduğu diqqətə çatdırılıb. İştirakçılara həmçinin Nazirlər Kabinetinin infrastruktur obyektlərinin ağlabatan uyğunlaşdırılması ilə əlaqədar müvafiq qərarlarının tələbləri, habelə “e-sosial” platforması vasitəsilə müraciət proseduru barədə məlumat verilib.

Eyni zamanda, Ombudsmanın müstəqil monitorinq mexanizmi funksiyası çərçivəsində həyata keçirilən monitorinqlər nəticəsində əldə olunan faktlar əsasında əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara ünvanlandığı qeyd olunub.

Təqdimatlardan sonra İşçi Qrupun üzvləri arasında sual-cavab sessiyası təşkil olunub.