Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, eləcə də hər iki qurumdan aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.
Sədr Hasil Abbasov Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb.
Birgə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə rəqəmsal texnologiyalar və əlaqəli sahələr üzrə peşəkar kadr potensialının gücləndirilməsi, işğaldan azad olunan ərazilərdə əhalinin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdirilməsi müzakirə edilib.