12 fevral 2026 15:47
131

Bakıda zərgərlik mağazalarından oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bakının Nərimanov, Səbail və Nəsimi rayonlarında zərgərlik mağazalarından oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazaların birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N.Dadaşova müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun Səbail və Nəsimi rayonları ərazisində yerləşən digər zərgərlik mağazalarından da ümumilikdə 2 min manat dəyərində qızıl-zinət və gümüş məmulatlarını oğurladığı müəyyən olunub.

Şübhəli şəxsin mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.