12 fevral 2026 01:26
123

İordaniya mediası WUF13 və Azərbaycanın şəhərsalma təcrübəsindən yazıb

İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi, o cümlədən Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu barədə məqalələr dərc olunub.

“İki sahil” xəbər verir ki, “ər-Ray”, “Əxbar əl-yaum” və rəsmi “Petra” xəbər agentliyində nəşr olunmuş məqalələrdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bir qrup iordaniyalı jurnalistlə keçirilmiş görüş barədə yazılıb.

Yazılarda qeyd olunub ki, komitə sədri Anar Quliyev qonaqlara ölkəmizin şəhərsalma təcrübəsi, eləcə də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) haqqında məlumat verib. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri barədə danışan komitə sədri ölkəmizdə müasir kəndlərin və inteqrə olunmuş yaşayış məntəqələrinin salınması, tarixi irsin qorunması, yaşıllıq zonalarının genişləndirilməsi və “ağıllı şəhər” konsepsiyasının tətbiqi sahələrində əldə olunmuş uğurları diqqətə çatdırıb. A.Quliyev, həmçinin əlavə edib ki, Azərbaycan İordaniya ilə şəhərsalma və memarlıq sahələrində təcrübə mübadiləsində maraqlıdır.

İngilisdilli “Jordan daily” qəzetindəki məqalədə “Bakı Ağ Şəhər” layihəsi barədə məlumat verilib. Qeyd olunub ki, vaxtilə çox çirklənmiş neft və sənaye zonasının yerində yaradılan Bakı Ağ Şəhər Qafqazın ən böyük şəhərsalma layihələrindən birinə çevrilib.

Məqalədə Ağ Şəhərin qısa tarixi barədə də məlumat verilib. Bakının vaxtilə “Qara şəhər” kimi tanınan bu hissəsinin gələcəyi barədə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə dediyi sözlərdən sitat gətirilir: “Azərbaycanda yüz illərdən bəri Qara şəhər adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir”.

Məqalədə, həmçinin qeyd olunub ki, adıçəkilən layihə ətraf mühitin bərpasına və dayanıqlı şəhərsalmaya üstünlük verir. Tikinti başlamazdan əvvəl onilliklər boyu davam edən sənaye çirklənməsinin qarşısını almaq üçün geniş təmizləmə işləri aparılıb. Baş planda tıxacın azaldılmasına və yaşayış rahatlığının yaxşılaşdırılmasına yönəlmiş və piyadalar üçün əlverişli küçələrin, yeraltı kommunal xidmətlərin, yaşıl sahələrin və inteqrasiya olunmuş nəqliyyat əlaqələrinin yaradılmasına xüsusi diqqət ayrılır.

Yazıda diqqətə çatdırılır ki, Bakı Ağ Şəhər artıq transformasiyanın görünən simvolu kimi ortaya çıxıb. Uzun müddət neft irsi ilə bağlı olan paytaxt üçün bu layihə daha şaxələnmiş və dayanıqlı şəhər gələcəyinə doğru mühüm dəyişikliyin rəmzinə çevrilir.