10 fevral 2026 12:53
269

İcbari Sığorta Bürosunun fəaliyyətinin təxminən 70 %-i elektronlaşdırılıb

İcbari Sığorta Bürosu (İSB) sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlayıb.

“İki sahil” xəbər verir ki, bunu Büronun icraçı direktoru Vüsal Məsiyev bildirib.

Onun sözlərinə görə, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ərsəyə gətirilib, həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sığortalanmasını nəzərdə tutur: "Düşünürük ki, bu ilin sonuna qədər müəyyən mexanizmlər tətbiq olunacaq".

V.Məsiyev onu da deyib ki, Büronun fəaliyyətinin təxminən 70 %-i elektronlaşdırılıb: "Bizim "2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası"nda bir maddəmiz var: "Kağızsız büro". Odur ki, bütün proseslər elektronlaşdırılır. Amma elektronlaşmanın da vaxtı keçdikcə yenilənməyə ehtiyacı yaranır. Burada vətəndaşlarımızın da rolu böyükdür. Misal üçün, biz şəxsi kabinet yaradırıq, amma bütün vətəndaşlarımız şəxsi kabinetdən istifadə etmir, hələ də kağızla müraciət etmək istəyən vətəndaşlarımız da var. 2027-ci ilin sonuna qədər biz düşünürük ki, büronun bütün proseslərini kağızsız şəkildə aparacağıq".