Ekspert: Vahid yanaşma qida zəncirində nəzarəti gücləndirən mühüm amildir
Qida təhlükəsizliyi müasir dövrdə yalnız ərzaq təminatı məsələsi kimi deyil, eyni zamanda, ictimai sağlamlıq, milli təhlükəsizlik və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət daşıyan prioritet istiqamətlərdən biridir. Bu baxımdan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026–2032-ci illər üzrə Dövlət Proqramı”nın hazırlanması ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində idarəetmənin daha sistemli və effektiv şəkildə qurulmasına xidmət edir. Sənəddə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də biotəhlükəsizliyə nəzarət sistemlərinin təkmilləşdirilməsi, “Vahid Sağlamlıq” Konsepsiyasının tətbiqinin genişləndirilməsi və qida zəncirinə nəzarətdə innovativ üsullardan istifadənin artırılması əsas istiqamətlər kimi ön plana çıxır. Dövlət Proqramı çərçivəsində idxal və ixrac əməliyyatlarında nəzarət mexanizmlərinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi, eləcə də ictimai nəzarətin artırılması da xüsusi əhəmiyyət daşıyan məsələlər kimi dəyərləndirilir. Məhz bu hədəflər qida təhlükəsizliyi sahəsində uzunmüddətli və dayanıqlı nəticələrin əldə olunmasını təmin etməyə yönəlib.
Normativ baza və ixrac potensialı ön planda

"Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qida təhlükəsizliyinin davamlı şəkildə təmin olunması üçün ilk növbədə normativ bazanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq standartlara uyğun texniki normativ-hüquqi aktların hazırlanması və tətbiqi qida zəncirinin bütün mərhələlərində vahid yanaşmanın formalaşmasına imkan yaradır. Belə yanaşma həm daxili bazarın qorunmasına, həm də ixrac potensialının artırılmasına xidmət edir.
Qida nəzarət sisteminin təkmilləşdirilməsi də əsas prioritetlərdən biri kimi qiymətləndirilir. İstehsal, idxal və ixrac proseslərində rəsmi nəzarətin gücləndirilməsi təhlükəli məhsulların bazara çıxmasının qarşısını almaqla yanaşı, istehlakçı hüquqlarının daha etibarlı şəkildə qorunmasını təmin edir. Bu nəzarət mexanizmləri risklərə vaxtında reaksiya verilməsinə şərait yaradır.
İctimai sağlamlığın əsas təminatı
Seymur Qafarov, eyni zamanda, sağlam qida təminatının vacibliyini önə çəkdi. Onun sözlərinə görə, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarına çıxışının genişləndirilməsi ictimai sağlamlığın qorunmasında əsas amillərdən biridir və bu məsələ dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu prosesdə laboratoriya və monitorinq infrastrukturunun gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir laboratoriyaların yaradılması və risk əsaslı monitorinq sistemlərinin tətbiqi qida məhsullarının təhlükəsizlik göstəricilərinin daha dəqiq və operativ qiymətləndirilməsinə imkan verir, potensial təhlükələrin erkən mərhələdə aşkarlanmasına şərait yaradır.
Maarifləndirmə və sahibkarlarla əməkdaşlıq məsələsi də diqqət mərkəzində saxlanılır. İstehsalçıların, distribütorların və istehlakçıların qida təhlükəsizliyi ilə bağlı məlumatlandırılması, həmçinin ictimai nəzarətin gücləndirilməsi bu sahədə məsuliyyətli yanaşmanın formalaşmasına töhfə verir.
Dövlət–sahibkar–istehlakçı xətti harada kəsişir?
Ekspert hesab edir ki, dövlət–sahibkar–istehlakçı üçbucağında effektiv əməkdaşlıq olmadan davamlı nəticə əldə etmək mümkün deyil. Beynəlxalq əməkdaşlıq isə qida təhlükəsizliyi sisteminin inkişafında vacib istiqamətlərdən biri kimi dəyərləndirilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər beynəlxalq qurumlarla birgə həyata keçirilən layihələr regional qida təhlükəsizliyi sistemlərinin gücləndirilməsinə, qabaqcıl təcrübələrin ölkəyə transferinə və milli imkanların genişləndirilməsinə xidmət edir.
Nigar Orucova, "İki sahil"