Əvvəlcədən də elan olunduğu kimi, 2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. 2025-ci il avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş”in paraflanması 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı bir günlük lokal antiterror əməliyyatından sonra Cənubi Qafqazda yaranmış sülhün rəsmiləşdirilməsi istiqamətində ilk addımdırsa, “Zayed Mükafatı”nın təqdimatı bu prosesin uğurlu sonluqla nəticələndiyinə olan beynəlxalq inamın təsdiqi kimi qiymətləndirilməlidir.
Heç şübhəsiz ki, 30 illik ağır və üzücü münaqişədən və bu münaqişənin bütün ağrılı nəticələrinin qısa müddətdə aradan qaldırılmasının çətinliyinə rəğmən, Prezident İlham Əliyevin Ermənistanla sülhə nail olmaq strategiyası və bu istiqamətdə atdığı düzgün, ardıcıl və məntiqli addımlar kənar müdaxilələri istisna edən Cənubi Qafqazın qarşıdakı onilliklər, hətta əbədi təhlükəsizlik arxitekturasının qurulması kimi səciyyələndirilməlidir. Azərbaycan Prezidentinin regionda sülh siyasəti elə münaqişənin həllində tutduğu mövqe qədər ədalətlidir və hər iki ölkə xalqlarının mənafeyini ən optimal şəkildə nəzərə alır.
Belə ki, Azərbaycanın 2020-ci ilin noyabrında müharibənin başa çatmasından dərhal sonra qalib ölkə olaraq təklif etdiyi sülhün təməlində hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tam tanıması amili dayanırdı. Bu baxımdan son 5 ildə ayrı-ayrı beynəlxalq təşkilatların və dövlətlərin uğura gətirib çıxarmayan vasitəçilik cəhdlərindən sonra ötən ilin avqustunda Ağ Evdə əldə olunan irəliləyiş bu amilin təqsdiqi istiqamətində atılan ən ciddi addım oldu. Nəticədə, Ermənistanın daim sağa-sola meyil edərək, vasitəçilər axtarmaq, əslində isə özünə yeni şəraitdə yeni havadarlar tapmaq səyləri qarşılığında Prezident İlham Əliyevin sülh danışıqlarında daha çox ikitərəfli, vasitəçilərsiz (və ya neytral platformalarda) danışıqlara üstünlük verməsində nə qədər haqlı olduğu öz təsdiqini tapdı.
Yeri gəlmişkən, BƏƏ, o cümlədən Əbu-Dabi şəhəri artıq iki ölkə arasındakı sülh danışıqlarında öz möhürünü vurmuş məkan sayıla bilər. Dövlət başçımız mükafatın təqdim mərasimindəki nitqində bu barədə danışmışdır: “Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir”.
Cəmi 7 ay əvvəl, 2025-ci il iyulun 10-da Əbu-Dabidə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında ABŞ-dakı yekun görüşdən əvvəl keçirilən son danışıqlar raundunda sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı müzakirələr aparılmış, danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunmuşdu. İndi, 2026-cı ilin fevralında Əbu-Dabidə keçirilən son görüş növbəti dəfə üçüncü tərəflərin maraqlarının müşayiəti ilə keçirilən deyil, məhz tərəflərin birbaşa təmasının daha effektiv nəticələr verdiyini təsdiqləyir. Təsadüfi deyil ki, son ikitərəfli görüşdə liderlər artıq etimad quruculuğu tədbirlərinin gücləndirilməsini, ilk addımlarının atıldığı ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsini, TRİPP və digər bağlantı layihələrinin həyata keçirilməsini, sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri və təmasları davam etdirmək barədə razılığa gəliblər.
Beləliklə, Azərbaycan liderinin təklif etdiyi sülh yalnız hərbi əməliyyatların həmişəlik istisna olunmasını deyil, həm də tərəf müqabili üçün mühüm iqtisadi imkanları da özündə ehtiva edir. Burada Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birbaşa əlaqənin yaradılması bir tərəfdən Azərbaycan üçün sülhün praktiki faydası kimi görülsə də, digər tərəfdən Ermənistanın özünün blokadadan çıxması, regional və beynəlxalq nəqliyyat qovşağına qoşulması imkanını təqdim edir. Başqa sözlə, iqtisadi imkanlar sülhün dayanıqlılığının mühüm aləti kimi qəbul olunur, ticarət yolları, nəqliyyat və digər kommunikasiyaların açılması müharibə riskindən “sığortalanma” təminatı hesab olunur.
Bütün bunlar onu göstərir ki, müstəsna müəlliflik hüququ Prezident İlham Əliyevə məxsus olan uzunmüddətli münaqişələrin həllinin “Azərbaycan modeli” hazırkı mərhələdə 44 günlük Vətən müharibəsində, bir günlük antiterror əməliyyatında və sonrakı sülh danışıqlarında qazanılan hərbi-diplomatik zəfərin həm siyasi-hüquqi, həm də iqtisadi müstəviyə köçürülməsi mərhələsinin şahidiyik. Sülh gündəmini formalaşdıran və şərtləri irəli sürən tərəf kimi, təbii ki, Azərbaycan sülhün dayanıqlı olması üçün Ermənistanın Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı yönələn istənilən ərazi iddiasının tamamilə çıxarılması mövqeyində qətiyyətlidir. Bu mövqe də özlüyündə sülhü təşviq edir – perspektivdə yeni münaqişənin baş verməsi üçün hər hansı nəzəri hüquqi əsasın istisnasını nəzərdə tutur.
Bütün bu deyilənlərə yekun vuraraq, Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının və ərazi bütövlüyünün təminatı olan dayanıqlı sülh siyasətinin birtərəfli faydalı deyil, əslində Cənubi Qafqazda regional sülhü təşviq edən, qarşılıqlı faydalılıq prinsipini də ehtiva edən, qalib dövlətin böyüklüyünü nümayiş etdirən son dərəcə düşünülmüş, ağıllı, uzaqgörən bir strategiya olduğunu təsdiqləyir. Fevralın 4-dəki “Zayed Mükafatı”nın təqdimat mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də qeyd etdiyi kimi: “Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir”.
Məhz bu mənada Azərbaycan dövləti II Qarabağ müharibəsindən sonrakı dövrdə yürütdüyü sülhpərvər siyasəti ilə öz böyüklüyünü, öz gücünü, qüdrətini beynəlxalq icmaya nümayiş etdirir. Dövlət başçımızın müəllifi olduğu “Qalib dövlətin sülh strategiyası” beynəlxalq münasibətlərin səmərəli aləti kimi diplomatiyaya etimadı gücləndirir, qlobal sülh və əməkdaşlıq mirasına yeni məzmun verir, özünü regionun hüdudlarından uzaqda olan analoji vəziyyətlər üçün optimal həll modeli kimi təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nı – “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir”, – sözləri ilə qəbul edərkən lideri olduğu xalqımızın, 50 milyonluq dünya azərbaycanlılarının da eyni qüruru və fəxarət hisslərini keçirdiyi şübhəsizdir. Başqa sözlə, Azərbaycanın dövlət başçısına təqdim edilən “Zayed Mükafatı” əsl milli siyasi liderlər üçün ən böyük mükafat olan xalq sevgisinin beynəlxalq əks-sədası və Prezident İlham Əliyevin dünya lideri kimi qəbul edilməsinin təsdiqi kimi də dəyərlidir.
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Prezident İlham Əliyevin qətiyyəti və humanizmi regiona dayanıqlı sülh gətirəcək