06 fevral 2026 14:02
199

Kartlaşmadan rəqəmsal iqtisadiyyata

Ekspert: Nağdsız ödənişlərin həcminin sürətlə artması maliyyə sisteminin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir

Azərbaycanda nağdsız ödənişlərin həcminin 100 milyard manata yaxınlaşması maliyyə sistemində artıq yeni bir mərhələnin formalaşdığını açıq şəkildə göstərir. Media Təhlil Mərkəzinin (MTM) Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi statistik göstəricilər əsasında apardığı təhlil də təsdiqləyir ki, 2025-ci il bu baxımdan xüsusi əhəmiyyət daşıyıb. İl ərzində ölkə daxilində nağdsız ödənişlərin həcminin 99,1 milyard manata çatması sadəcə rəqəmlərin artımı deyil, iqtisadi münasibətlərdə və vətəndaşların maliyyə davranışında baş verən köklü dəyişikliklərin göstəricisidir. 2024-cü illə müqayisədə 25,6 faizlik artım nağdsız ödənişlərin artıq alternativ seçim yox, gündəlik maliyyə həyatının əsas tərkib hissəsinə çevrildiyini ortaya qoyur.

MTM-in təhlilinə görə, 2024-cü ildə ölkədaxili nağdsız ödənişlərin həcmi 78,88 milyard manat təşkil edib. Həmin il əvvəlki dövrlə müqayisədə 60,9 faiz və ya 29,84 milyard manatlıq artım qeydə alınıb. Bu göstəricilər artımın təsadüfi olmadığını, qısamüddətli amillərlə məhdudlaşmadığını, əksinə, ardıcıl və düşünülmüş iqtisadi siyasətin nəticəsi olduğunu göstərir. Son on ilin ümumi mənzərəsi isə prosesi daha aydın şəkildə ortaya qoyur. 2016–2025-ci illər ərzində nağdsız ödənişlərin ümumi həcminin 97,92 milyard manat artması ölkədə rəqəmsal maliyyə sisteminin faktiki olaraq yenidən qurulduğunu deməyə əsas verir.

Bu inkişafın arxasında dayanan əsas səbəblər aydındır. Bank sektorunda aparılan islahatlar, ödəniş infrastrukturunun genişləndirilməsi, elektron və mobil xidmətlərin əlçatanlığının artırılması əhalinin nağdsız əməliyyatlara marağını əhəmiyyətli dərəcədə gücləndirib. Eyni zamanda, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi, ticarət və xidmət sahəsində POS-terminalların geniş tətbiqi nağdsız dövriyyənin həcmini sürətlə artırıb. Artıq bu proses yalnız paytaxt və iri şəhərlərlə məhdudlaşmır, regionlarda da nağdsız ödənişlər gündəlik praktikaya çevrilir ki, bu da maliyyə inklüzivliyi baxımından mühüm göstəricidir.

Kartların sayı artdıqca nağd pul arxa plana keçir

Nağdsız ödənişlərin genişlənməsində plastik kartların sayındakı artım da xüsusi rol oynayır. 2025-ci ilin sonuna olan rəsmi məlumatlara əsasən, ölkədə dövriyyədə olan plastik kartların sayı 21 milyon 979 min 775 ədədə çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 10,5 faiz artım deməkdir. Qeyd etmək lazımdır ki, əvvəlki illərdə artım tempi daha yüksək olub. Məsələn, 2023-cü ildə plastik kartların sayı bir il ərzində 24,2 faiz artaraq rekord göstərici ilə yadda qalıb. 2024-cü ildə plastik kartların sayı əvvəlki illə müqayisədə 2 milyon 973 min 578 ədəd və ya 17,6 faiz artmışdı. Artım dinamikası baxımından ən yüksək göstərici isə 2023-cü ildə qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə plastik kartların sayı 3 milyon 294 min 248 ədəd və ya 24,2 faiz artıb. Bu fakt əhalinin nağd puldan tədricən uzaqlaşdığını və bank kartlarını əsas ödəniş vasitəsi kimi qəbul etdiyini açıq şəkildə göstərir.

Uzunmüddətli dinamika isə prosesin miqyasını daha dəqiq təsvir edir. Əgər 2016-cı ildə ölkədə cəmi 5,3 milyon plastik kart mövcud idisə, 2025-ci ilin sonuna bu rəqəm 16 milyondan çox artaraq demək olar ki, dörd dəfə yüksəlib. Bu artım təkcə kartların sayının çoxalması ilə məhdudlaşmır, eyni zamanda, rəqəmsal bankçılıq xidmətlərinin insanların gündəlik həyatında əsas yer tutmağa başladığını göstərir. Mobil bankçılıq tətbiqləri, onlayn ödəniş platformaları və rəqəmsal cüzdanlar nağdsız ödəniş vərdişlərini daha da möhkəmləndirib.

Ümumilikdə formalaşan mənzərə onu deməyə əsas verir ki, Azərbaycanda nağdsız ödənişlərin genişlənməsi artıq geri dönməz proses xarakteri alıb. Bu tendensiya iqtisadi şəffaflığın artmasına, maliyyə intizamının güclənməsinə və dövlətin fiskal imkanlarının genişlənməsinə birbaşa təsir göstərir. Eyni zamanda, nağdsız dövriyyənin artması rəqəmsal iqtisadiyyatın inkişafı və müasir maliyyə mühitinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Mövcud dinamika göstərir ki, yaxın illərdə nağdsız ödənişlərin həcmi 100 milyard manat həddini aşaraq ölkənin maliyyə tarixində yeni mərhələnin əsasını qoyacaq.

Rəqəmsallaşmanın institusional mərhələsi

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  ölkədaxili nağdsız ödənişlərin həcminin artması Azərbaycanda maliyyə sisteminin sürətli rəqəmsallaşmasının və iqtisadi aktivliyin artmasının mühüm göstəricisidir: “Son iki ildə müşahidə olunan yüksək artım tempi nağdsız ödənişlərin artıq iqtisadi dövriyyədə alternativ deyil, əsas alətə çevrildiyini göstərir. Bu dinamika iqtisadiyyatın şəffaflaşmasına, kölgə dövriyyənin azalmasına, vergi daxilolmalarının genişlənməsinə və pul-kredit siyasətinin effektivliyinin artmasına, monetar siyasətin ötürücülük mexanizmlarinin effektiv işləməsinə müsbət təsir edir. Eyni zamanda, bank və ödəniş sektorunda rəqəmsal xidmətlərin genişlənməsi əməliyyat xərclərini azaldır, vətəndaşlar və biznes üçün maliyyə xidmətlərinə çıxışı asanlaşdırır”.

İndi əsas məsələ dayanıqlılıqdır

Ekspert qeyd etdi ki, hazırkı göstəricilər fonunda Azərbaycan nağdsız iqtisadiyyat modelinə keçidin aktiv genişlənmə mərhələsindədir: “Texnoloji infrastruktur və istifadəçi davranışı formalaşıb, lakin prosesin tam institusional dərinləşməsi üçün əlavə addımlar vacibdir. Xüsusilə kiçik və mikro sahibkarlıq subyektləri üçün nağdsız ödəniş alətlərinin əlçatanlığının artırılması, real vaxt ödəniş sistemlərinin geniş tətbiqi, açıq bankçılıq həllərinin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi prioritet istiqamətlər kimi qiymətləndirilir.

Qısaca desəm, nağdsız ödənişlərin artımı Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidində geridönməz mərhələyə daxil olduğunu təsdiqləyir və bu prosesin davamlılığı ölkənin uzunmüddətli iqtisadi dayanıqlığı baxımından strateji əhəmiyyət daşıyır”.

Nigar Orucova, "İki sahil"