03 fevral 2026 20:19
213

Müasir tamaşaçı passiv MÜŞAHİDƏÇİ OLMAQ İSTƏMİR - MÜSAHİBƏ

“İki sahil”in müsahibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatrşünaslıq kafedrasının dosenti, teatrşünas Elçin Cəfərovdur.

-Ötən ilin teatr aləmimizi necə xarakterizə edərdiniz?

-Ötən il Azərbaycan teatrı üçün daha çox daxili axtarışlar və ziddiyyətlər ili kimi yadda qaldı. Bir tərəfdən ayrı-ayrı teatr və tamaşalar səviyyəsində maraqlı yaradıcılıq təşəbbüsləri, yeni mövzulara cəhdlər, gənc sənətçilərin prosesə qoşulması müşahidə olundu, digər tərəfdən isə teatr sisteminin struktur problemləri daha aydın şəkildə üzə çıxdı. Çox təəəssüf ki, teatrımız 2025-ci ildə yaradıcılıq uğurlarından çox daxili münaqişələrlə, söz-söhbət və qalmaqallarla gündəmdə oldu.

Bu da ümumi mənzərədə qeyri-bərabərlik yaratdı: bəzi teatrlar və tamaşalar çağdaş teatr dilinə yaxınlaşmağa çalışdı, digərləri isə köhnə estetik və idarəetmə vərdişləri çərçivəsində qalmaqda davam etdi.

Əslində, bu mənzərə teatrımız üçün yeni deyil. Sadəcə, son dövrlər problemlər daha görünən və açıq xarakter alıb. Bu da onu göstərir ki, teatr artıq əvvəlki kimi yalnız mövcudluğunu qorumaqla kifayətlənə bilməz, daha dərindən düşünülmüş, sistemli yenilənməyə ehtiyac var.

2025-ci ildə Azərbaycan teatr mühitinin ən əlamətdar hadisələrindən danışarkən Bakı Beynəxalq İncəsənət Festivalını, YUĞ Teatrının Meksikaya, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Pakistana səfərini, Akademik Milli Dram Teatrının Çin teatrı ilə əməkdaşlığını, bölgə teatrlarının Bakıya qastrol səfərlərini, iki özəl teatrın – M. Teatrı və Əsa Teatrının Heydər Əliyev Sarayında genişmiqyaslı layihələrini qeyd etmək olar. 

- Müasir tamaşaçı dəyişib və teatrın da bu yeni tamaşaçı modelinə uyğunlaşması vacibdir. Bu istiqamətdə atılan addımları qənaətbəxş hesab etmək olarmı?

-Şübhəsiz ki, müasir tamaşaçı dəyişib və bu dəyişiklik artıq danılmaz faktdır. Bu gün tamaşaçı daha informasiyalıdır, müxtəlif sənət formalarına çıxışı var və vizual-estetik baxımdan daha tələbkardır. Teatrlarımız bu dəyişikliyi hiss edir, lakin onu hələ tam mənada sistemli şəkildə nəzərə aldığını demək çətindir.

Bəzi teatrlar müasir mövzulara müraciət edir, səhnə dilində yeniliklərə cəhd göstərir, hətta PR və kommunikasiya sahəsində müəyyən canlanma müşahidə olunur. Amma bütün bunlar daha çox fərdi təşəbbüslər səviyyəsində qalır. Tamaşaçı ilə dialoq hələ də çox vaxt birtərəfli qurulur. Müasir tamaşaçı isə artıq passiv müşahidəçi olmaq istəmir; o, teatrda öz suallarına cavab, öz dövrünün problemlərinə reaksiya axtarır.

PR sahəsində canlanmadan və sosial media məkanında teatrların fəaliyyətindən danışarkən YUĞ Teatrının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulamaq istərdim. Belə ki, son bir ildə bu teatrın sosial media sahəsində ciddi şəkildə irəlilidiyini müşahidə etmək olar. Teatr yeni trendləri izləyir, sosial media üçün maraqlı və baxımlı məzmunlar hazırlayır, minimal resurslarla hazırlanan bu kontentlər çox sayda baxış, reaksiya və dolayı yolla tamaşaçı və gəlir gətirir. Bu istiqamətdə ƏSA Teatrının fəaliyyətini də xüsusi vurğulamaq istərdim. Sevindirici haldır ki, digər teatrlar da YUĞ-un bu istiqamətdə təcrübələrini öyrənməyə və həyata keçirməyə başlayıblar.

- Bu sualın davamı olaraq teatrlarımız müasir dövrün tələbləri səviyyəsinə qalxa biliblərmi?

-Qismən. Ayrı-ayrı tamaşalar və yaradıcı qruplar səviyyəsində müasir teatr düşüncəsinə yaxınlaşma var. Lakin institut olaraq teatrlarımız hələ də klassik idarəetmə modeli, sərt bürokratik mexanizmlər və riskdən yayınan repertuar siyasəti ilə fəaliyyət göstərir. Müasir dövr isə çeviklik, eksperimentə açıqlıq və yeni formalarla dialoq tələb edir.

Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Ölkədə faktiki olaraq yalnız dövlət teatrları sistemi mövcuddur və alternativ teatr modelləri yetərincə inkişaf edə bilmir. Müstəqil teatrlar minimal imkanlarla maraqlı işlər ortaya qoymağa çalışsalar da, onların fəaliyyəti davamlı və institusional xarakter daşımır. Bu isə teatr prosesində sağlam rəqabətin və estetik müxtəlifliyin formalaşmasına ciddi maneə yaradır.

-Son illər teatrlarımızın beynəlxalq əlaqələri genişləndirməkdədirlər. Bu məqsədlə dünyanın müxtəlif teatrları ilə Anlaşma memorandumları da imzalanır. Məsələn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Çinin üç böyük teatrı ilə əməkdaşlıq əlaqələri qurub. Hətta Çinin məşhur dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarət etməsi” əsəri əsasında hazırlanan tamaşanın məşqləri yaxın aylarda başlayacaq. Ümumiyyətlə, belə anlaşmalar teatr aləmimizə nələr vəd edir?

-Beynəlxalq əməkdaşlıqlar düzgün qurulduğu halda, teatr mühitimiz üçün çox böyük imkanlar aça bilər. Xarici dramaturgiya ilə işləmək, fərqli səhnə mədəniyyətlərini yaxından tanımaq, birgə layihələr və koproduksiyalar teatrın estetik və peşəkar səviyyəsini yüksəldə bilər. Akademik Milli Dram Teatrının Çin teatrları ilə əməkdaşlığı bu baxımdan diqqətəlayiq addımdır.

Lakin burada əsas məsələ formal memorandumlar yox, real yaradıcılıq nəticələridir. Əgər bu əməkdaşlıqlar qarşılıqlı öyrənmə, təcrübə mübadiləsi və davamlı layihələr səviyyəsinə keçməzsə, onların təsiri uzunmüddətli olmayacaq. Beynəlxalq əlaqələr teatrın yalnız coğrafiyasını deyil, düşüncə sərhədlərini də genişləndirməlidir.

- Hazırda teatrlarımızın qarşılaşdıqları problemlər barədə nə deyə bilərsiniz?

-Problemlər çoxdur və onların böyük hissəsi birbaşa yaradıcılıqdan yox, sistemin özündən qaynaqlanır. Repertuar siyasətində konseptual boşluqlar, müasir dramaturgiyaya və yeni müəlliflərə ehtiyatlı yanaşma, teatr menecmentinin zəifliyi əsas problemlərdəndir. Bundan əlavə, teatrşünaslıq və teatr nəzəriyyəsi sahəsindəki vəziyyət xüsusilə narahatedicidir.

Bu gün ölkədə teatrşünaslıq ixtisası üzrə kadrlar yetişsə də, onların fəaliyyət göstərə biləcəyi professional mühit, demək olar ki, yoxdur. Teatrşünaslıq teatr prosesinin diaqnostikasıdır və bu diaqnostika olmadan teatrın sağlam inkişafından danışmaq çətindir. Təəssüf ki, bu sahə əsasən şəxsi təşəbbüslər və fədakarlıq hesabına ayaqda qalır. Bütün bunlara baxmayaraq, teatrımızda potensial var. Gənc yaradıcılar, yeni tamaşaçı profili və cəmiyyətin canlı sənətə artan ehtiyacı bunu göstərir. Əsas məsələ bu potensialı sistemli şəkildə yönləndirmək və teatrı yalnız səhnədə deyil, bütöv bir mədəni mexanizm kimi düşünməkdir.

Hazırda teatrların üzləşdiyi çağırışlara süni intellekt və rəqəmsallaşma konteksində baxmaq da vacibdir. Dünyadaki mədəniyyət proseslərində teatr artıq yalnız fiziki səhnə ilə məhdudlaşmır, rəqəmsal məkanda da öz varlığını təsdiqləməyə çalışır. Bu, teatrın mahiyyətini dəyişmir, lakin onun fəaliyyət miqyasını və tamaşaçı ilə əlaqə üsullarını ciddi şəkildə transformasiya edir.

Rəqəmsallaşma, ilk növbədə, teatr–tamaşaçı münasibətlərində özünü göstərir. Müasir tamaşaçı teatrla təkcə tamaşa zamanı deyil, sosial şəbəkələr, rəqəmsal platformalar, video arxivlər və rəqəmsal kontent vasitəsi ilə daimi təmasda olur. Bu isə teatrın tamaşaçı ilə kommunikasiya dilini yenidən qurmasını zəruri edir. Teatr artıq yalnız tamaşa təqdim edən məkan deyil, öz ideyalarını, estetik baxışını və yaradıcılıq prosesini rəqəmsal mühitdə də ifadə etməyi bacaran mədəni instituta çevrilir.

Süni intellekt texnologiyaları isə teatr prosesində yaradıcı qərarları əvəz etməkdən daha çox, onları dəstəkləyən analitik alət kimi çıxış edə bilər. Dünyada süni intellekt artıq dramaturji mətnlərin ilkin analizi, tamaşaçı davranışlarının öyrənilməsi, repertuar siyasətinin inkişaf etdirilməsi, tamaşaçı maraqlarının dinamikasının təhlili kimi sahələrdə zəruri alətə çevrilir. Süni intellekti təhdid olaraq görmək teatrların inkişafını ləngidir. Azərbaycan teatr mühitində rəqəmsallaşma hələ ki, daha çox sosial media aktivliyi ilə məhdudlaşır. Halbuki söhbət teatr arxivlərinin rəqəmsallaşdırılmasından, tamaşalar üzrə məlumat bazalarının yaradılmasından, tamaşaçı statistikası və məmnunluq səviyyəsinin ölçülməsindən gedir. Bu tip məlumatlar olmadan teatrın inkişaf strategiyasını planlaşdırmaq çətindir və qərarlar çox vaxt intuitiv səviyyədə qalır. Əlbəttə, teatr rəhbərlərinin də yeniliyə qarşı konstrukriv düşüncələrini qeyd etməmək olmazdı. Digər tərəfdən, rəqəmsal mühit gənc tamaşaçı ilə teatr arasında yeni bir körpü yarada bilər. Rəqəmsal düşüncə tərzi ilə formalaşan yeni nəsil üçün teatr yalnız ənənəvi formada təqdim edildikdə bəzən yetərincə cəlbedici olmur. Onlayn müzakirələr, interaktiv formatlar, hibrid layihələr teatrın auditoriyasını genişləndirə və onu dövrün mədəni ritminə yaxınlaşdıra bilər. Bu, teatrın klassik mahiyyətinə qarşı çıxmaq deyil, onun yaşamaq instinktinin təzahürüdür.

Qvami Məhəbbətoğlu, “İki sahil”