02 fevral 2026 00:03
122

Azərbaycanla Misir arasında qadın hüquqları sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmarla görüşüb.

“İki sahil” xəbər verir ki, Qahirə şəhərində işinə başlayan “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən görüşdə Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Bahar Muradova bildirib ki, Azərbaycan ilə Misir arasında əlaqələr dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycanla Misirin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İCESCO, eləcə də Türkiyə və Mərakeşlə həyata keçirilən uğurlu layihələrə toxunaraq, bu cür təşəbbüslərin Misirlə də reallaşdırıla biləcəyini vurğulayıb.

B.Muradova qeyd edib ki, Azərbaycan Şərqdə ilk dünyəvi respublikanı yaradıb. Ölkəmiz multikultural cəmiyyətə malikdir və müxtəlif dinlərin və konfessiyaların nümayəndələri sərbəst şəkildə dini fəaliyyət göstərirlər.

Komitə sədri Azərbaycanda qadınların, ailənin və uşaqların hüquqlarının qorunması istiqamətində qanunvericiliyin daim təkmilləşdirildiyini, erkən nikahların qarşısının alındığını, qohum nikahlarının qadağan edildiyini, məişət zorakılığına qarşı hüquqi mexanizmlərin gücləndirildiyini bildirib. Eyni zamanda, uşaqların sosial mediadan istifadəsi ilə bağlı müəyyən tənzimləmələrin vacibliyinə toxunub. O, bütün dünyada qadınların oxşar problemlərlə üzləşdiyini diqqətə çatdıraraq, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmar konfransın əsas məqsədlərindən birinin təcrübə mübadiləsi olduğunu qeyd edib. O, İƏT-ə üzv dövlətlərin qadın məsələləri üzrə qurumlarının rəhbər şəxslərinin 2021-ci ildə Qahirədə keçirilmiş 8-ci konfransının nəticələrinə əsasən yaradılmış Hüquq Kitabxanası və Düşüncə Mərkəzinin qadın hüquqlarını dəstəkləyən qanunvericilik təşəbbüslərinin və həyata keçirilən tədbirlərin paylaşılması baxımından əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, mərkəz İƏT ölkələri üzrə qadın hüquqları sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün də əlverişli platformadır.

Amal Əmmar vurğulayıb ki, qloballaşma dövründə milli və mənəvi dəyərlərin qorunmasında medianın rolu xüsusi əhəmiyyət kəsb edir və bu sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğundur.

Qeyd edək ki, konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi ilə, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub. İki gün davam edəcək tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunur.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.