29 yanvar 2026 14:14
148

ABŞ-da ömür uzunluğu rekord həddə çatıb

ABŞ-da orta gözlənilən ömür uzunluğu 2024-cü ildə artaraq 79 ilə çatıb və bu göstərici ölkə tarixində rekord səviyyə kimi qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata görə, son il ərzində gözlənilən ömür uzunluğu yarım ildən çox artım göstərib. Halbuki 2019–2021-ci illərdə bu göstərici təxminən 1,5 il azalmışdı. Həmin azalma əsasən COVID-19 pandemiyasının ağır nəticələri ilə əlaqələndirilirdi. 2022-ci ildən etibarən isə vəziyyət tədricən yaxşılaşmağa başlayıb və müsbət dinamika 2024-cü ildə də davam edib.

CDC-nin statistik göstəricilərinə əsasən, 2024-cü ildə ABŞ-da ümumi ölüm səviyyəsi 4% azalaraq hər 100 min nəfərə 722 ölüm təşkil edib. Xüsusilə narkotik və opioid tərkibli ağrıkəsicilərin, o cümlədən fentanilin həddindən artıq istifadəsi nəticəsində baş verən ölümlərdə ciddi azalma qeydə alınıb. Belə ki, bu səbəbdən ölənlərin sayı 2023-cü illə müqayisədə 26% azalıb.

Mütəxəssislər qeyd edirlər ki, əvvəlki illərdə ölüm səviyyəsinin yüksəlməsi həm pandemiyanın birbaşa təsiri, həm də onun yaratdığı sosial və səhiyyə problemləri ilə bağlı idi. 2024-cü ilə gəldikdə isə COVID-19 artıq ən çox ölümə səbəb olan ilk 10 amil siyahısından çıxıb.

CDC-nin statistik şöbəsinin rəhbəri Robert Anderson bildirib ki, müsbət dəyişikliklər iki əsas faktorun nəticəsidir: pandemiyadan sonrakı dövrdə səhiyyə sisteminin bərpası və narkotik maddələrdən, xüsusilə opioidlərdən sui-istifadə ilə bağlı ölüm hallarının azalması. Ekspertlərin fikrincə, bu göstəricilər ABŞ-da opioid böhranına qarşı aparılan mübarizənin getdikcə daha səmərəli olduğunu göstərir.