29 yanvar 2026 10:27
140

Cinayət mühakimə icraatı elektronlaşdırılır

Cinayət mühakimə icraatı elektron qaydada aparılacaq.

“İki sahil” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəddə qeyd olunur ki, elektron qaydada cinayət mühakimə icraatı bu məcəllənin 51-2-ci və 51-3-cü maddələrində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla sözügedən qanunla müəyyən edilmiş ümumi qaydalara uyğun olaraq həyata keçirilir.

Belə ki, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyat və dövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Həmçinin cinayət mühakimə icraatının elektron qaydada aparılması zamanı sənəd dövriyyəsinin və cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə olunacaq.

"Elektron imza elektron sənəd haqqında" Qanunda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

Bundan başqa, kağız daşıyıcıda tərtib olunması nəzərdə tutulan sənədlər gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla göndərilə, saxlanıla və yoxlanıla biləcək.

Kağız daşıyıcıda verilmiş və ya tərtib edilmiş sənədlər cinayət mühakimə icraatını elektron qaydada aparan təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla müvafiq informasiya sistemlərinə yüklənəcək.

Habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda istintaq prosesini həyata keçirən orqan müvafiq informasiya sistemi vasitəsilə göndərilmiş sənədin əslini tələb edə biləcək.

Cinayət mühakimə icraatı elektron qaydada aparıldıqda cinayət təqibi üzrə materialların məhv edilməsinin qarşısının alınması məqsədilə onların ehtiyat nüsxəsinin formalaşdırılaraq saxlanılması istintaq prosesini həyata keçirən orqanlar tərəfindən təmin olunacaq.