Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, komitə sədri Zahid Oruc iclasda birinci oxunuşda olan iki qanun layihəsinin müzakirə ediləcəyini bildirib.
Tədbirdə əvvəlcə, “Uşaq hüquqları haqqında” qanun layihəsinə baxılıb. Sənədi təqdim edən komitə sədri Zahid Oruc uşaqların sağlam, savadlı yetişdirilməsi, vətənpərvər ruhda böyüməsi, şəxsiyyət kimi formalaşmasının vacibliyindən söhbət açıb.
Diqqətə çatdırılıb ki, qanun layihəsində Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların hüquq və azadlıqları, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və dövlət nəzarətinin əsasları müəyyən edilir. Layihədə əsas anlayışlar, qanunun tətbiq dairəsi göstərilir, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri təsbit olunur. Sənəddə, habelə uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri, uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə dəstək proqramlarının həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları, onların yaşamaq və inkişaf etmək hüququ ilə bağlı məsələlər öz əksini tapıb.
Layihədə hərbi münaqişələr dövründə, habelə təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların müdafiəsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlər, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqları yer alıb.
Bildirilib ki, yeni qanun layihəsində uşaq hüquqları üzrə dövlət təminatları daha geniş formada əks olunur, çətin həyat şəraitində olan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleks yanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilir. Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalq normalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxil edilib.
Sonra iclasda Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.
Qeyd olunub ki, sənəddə “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələn uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarında uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Təklif edilən dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.
Məsələlər ətrafında müzakirələrdə çıxış edənlər layihə ilə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər.
Çıxışlarda yeni qanun layihəsinin üstünlükləri, sənəddə təsbit olunan məsələlərin aktuallığından söhbət açılıb, uşaqların fiziki, mənəvi, intellektual baxımdan formalaşmasının vacibliyi, rəqəmsal mühitin uşaqların inkişafına təsiri və digər məsələlər barədə danışılıb.
Müzakirələrin yekununda təqdim edilən hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.