ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin fevralda Cənubi Qafqaza səfəri gözlənilir. Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edib. “168.am” nəşri bildirib ki, Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində, həmçinin Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığının möhkəmləndiriləcəyini, Ermənistanla isə dinc nüvə əməkdaşlığına dair saziş imzalanacağını qeyd edib. Bundan əlavə, amerikalı iri istehsalçılar üçün yarımkeçiricilərlə bağlı müqavilələrin bağlanacağı, eləcə də ABŞ-da istehsal olunan müdafiə vasitələrinin, zirehli gödəkçə, mühərrikli qayıq və digər avadanlıqların Azərbaycana satılacağı bildirilib. Vensin səfəri çərçivəsində ABŞ və Ermənistan arasında nüvə enerjisi sahəsində anlaşmanın da imzalanacağı bildirilir. Yeni, Ermənistan ikinci enerji blokunun inşasını ABŞ şirkətinə verməyi planlaşdırır. Metsamor AES-in yenidənqurulması da ABŞ-yə təhvil veriləcək. Bu barədə Ermənistan təhlükəsizlik şurasının sədri Armen Qriqoryan “Ermənistan – Qərb Tərəfdaşlığı – Avropa İttifaqı, çağırışlar və imkanlar” adlı panel müzakirəsində çıxışı zamanı demişdir: “Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlarda biz çox mühüm mərhələyə qədəm qoyduq. Hələlik topun ABŞ meydanında olduğunu deyə bilərəm”.
Onu da qeyd edək ki, bu tip modul stansiyaları Rusiya da tikir. Atom elektrik stansiyasının tikintisində dünyanın aparıcı şirkəti “Rosatom”dur. İrəvan Moskva ilə də yeni Atom Elektrik Stansiyasının (AES) tikməsilə bağlı danışıqlar aparıb. Ancaq bunun üçün 10 milyard dollar lazımdır. Məbləğ ABŞ texnologiyası əsasında tikiləcək AES-in xərcindən 2 dəfə çoxdur. Bu səbəbdən Moskva ilə danışıqlar çətin gedib. ABŞ da öz növbəsində yaranmış vəziyyətdən istifadə edərək enerji sektorunda aparıcı ölkələrdən biri olan Rusiyanın mövqeyini zəiflətmək istəyir. Son hadisələr də hayların Vaşinqtona meyilli olduğunu göstərir. Hələ ötən ilin yazında nüvə enerjisi üzrə ixtisaslaşmış ABŞ şirkətinin nümayəndələri İrəvana səfər etmişdilər. Erməni mediası xəbər verirdi ki, şirkət nümayəndələrinin İrəvanda görünməsi ABŞ-ın gələcək nüvə tikinti layihələrində iştirakının nəinki həll olunmuş, həm də artıq icra mərhələsində olduğuna işarədir. Çünki podratçı şirkət ABŞ hökumətinin müvafiq departamentinin – Nüvə Tənzimləmə Komissiyasının və Ermənistan hökumətinin müvafiq icazəsi olmadan İrəvana gələ bilməzdilər. ABŞ səfirinin müşayiət etdiyi nümayəndələrin İrəvana gəlməsi o deməkdir ki, Nikol Paşinyan hökuməti “Rosatom”un xidmətlərindən imtina edərək Amerikaya etibar edib.
Erməni politoloq, enerji məsələləri üzrə ekspert Vahe Davtyan “168.am” saytına müsahibəsində yalnız Ermənistana verilən vədin parametrlərinə münasibət bildirib. “Trampın son “Ermənistanla dinc nüvə əməkdaşlığına dair möhtəşəm saziş imzalayacağıq” açıqlamasını necə şərh edərdiniz?” sualına cavab olaraq Davtyan bildirib: “Bu bəyanat ilk baxışda iqtisadi və ya energetik əməkdaşlıq istiqamətində növbəti addım kimi görünə bilər, lakin əslində burada daha geniş, geosiyasi kontekst açıq şəkildə görünür. Hər şeydən əvvəl söhbət Ermənistanın enerji sistemindən Rusiyanın mövqelərinin tədricən sıxışdırılıb çıxarılması cəhdindən gedir. Risklərin konkret qiymətləndirilməsinə gəldikdə isə, ən əsas problem ondan ibarətdir ki, “ABŞ modeli”nin qəbul edilməsi Ermənistanda böyük gücə malik atom enerji blokunun bağlanmasına və onun 100 MVt-a qədər gücü olan kiçik modul reaktoru ilə əvəzlənməsinə gətirib çıxara bilər. Bu, prinsipial dəyişiklikdir. Belə reaktor yalnız daxili istehlak üçün nəzərdə tutulur və Ermənistanın elektrik enerjisi ixracı imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq”.
Enerji məsələləri üzrə erməni ekspert bu kontekstdə xatırladıb ki, ABŞ-ın hazırda kiçik modul reaktorların real istismar təcrübəsi yoxdur. “ABŞ-da ilk belə stansiyanın istismara verilməsi ən yaxşı halda 2031-ci ilə planlaşdırılır və bu da yüksək maya dəyəri və qeyri-müəyyən iqtisadi səmərəlilik şəraitində baş tutacaq. Yəni, ABŞ modelinin seçilməsi Ermənistanı faktiki olaraq sınaq meydançasına çevirir ki, bu da atom energetikası kimi həssas sahə üçün xüsusilə təhlükəlidir. Müqayisə üçün qeyd edim ki, Rusiya İrəvana konkret və sınaqdan çıxmış həll təklif edir: Leninqrad AES-də fəaliyyət göstərən VVER-1200 tipli, 1200 MVt gücə malik enerji bloku. Bu təklif aydın texniki, iqtisadi və istismar meyarlarına malikdir. Ola bilsin ki, bizim bazar üçün bu, güc həddindən artıq böyük görünsün, lakin əgər məqsədimiz həqiqətən davamlı ixracı təmin etmək və eyni zamanda sənaye sistemini inkişaf etdirməkdirsə, bu, belə deyil. Moskva bu gün bizə, həmçinin modul reaktor layihəsi, RİTM-200N tipli kiçik reaktorlar da təklif edir. Bu layihənin öz üstünlükləri var: yüksək seysmik davamlılıq, 60 ilə qədər istismar müddəti və 50-60 MVt güc”, - deyə Davtyan izah edib.
Bununla yanaşı, o, vurğulayıb ki, məsələ təkcə texnologiya ilə məhdudlaşmır, söhbət geoiqtisadi seçimdən gedir. “Böyük gücə malik AES-dən imtina uzunmüddətli perspektivdə Ermənistanın ixrac potensialını azaldacaq. Təkcə günəş energetikası hesabına dayanıqlı ixracı təmin etmək mümkün deyil. İranla üçüncü elektrik ötürücü xəttinin tikintisi enerji çatışmazlığı olan İranın şimal vilayətlərinə elektrik enerjisi ixracı üçün ciddi imkanlar açır. Bunun üçün isə məhz böyük gücə malik istehsal tələb olunur. Odur ki, bu seçim yalnız texnoloji deyil. Bu, regionda Ermənistanın yerinin müəyyənləşdirilməsi, onun enerji suverenliyinin və strateji sabitliyinin qorunması ilə bağlı seçimdir”, - deyə Davtyan qeyd edib və əlavə edib. Politoloq əlavə edib ki, bu gün baş verənlər ümumilikdə TRIPP-in (Zəngəzur dəhlizi-red.) məntiqi çərçivəsinə uyğundur.
Sevinc Azadi, “İki sahil”