26 yanvar 2026 19:47
122

Azərbaycanın artan beynəlxalq nüfuzunun və strateji çəkisinin göstəricisi

“Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Dövlətimizin başçısı Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sayca 56-cı olan Ümumdünya İqtisadi Forumunda bir çox dövlət və hökumət başçısı, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərləri  iştirak edib. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Davos İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırır. Cənab Prezident bu dəfə də bir sıra ölkələrin liderləri, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşüb, beynəlxalq KİV-lərə müsahibə verib. Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edərək çoxsaylı sualları cavablandırıb.

Dövlətimizin başçısının “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında iştirakı və suallara əhatəli cavabları da xüsusi vurğulanmalıdır. Panel iclasında Prezident İlham Əliyevlə yanaşı Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da iştirak edib. İclasda Cənubi Qafqazda sülh prosesi də diqqət mərkəzində olub. Dövlətimizin başçısı sülh prosesi ilə bağlı bildirib ki,  əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısının Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak etməsi və sənədə imza atması isə tarixi hadisədir. Bu, o deməkdir ki, Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biridir. Rəsmi Bakının ABŞ Prezidentinin dəvəti ilə Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq göstəricisidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır. Davosda, həmçinin Azərbaycan və ABŞ liderlərinin görüşü də olub.   Görüşdə cənab Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ənənəvi olaraq beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlıq Azərbaycan-ABŞ tərəfdaşlığının səciyyəvi cəhətlərini təşkil edib.

“Beləliklə, Azərbaycan Prezidentinin Davos səfəri kifayət qədər məhsuldar oldu. Forumda ölkəmizə verilən önəm Prezident İlham Əliyevin yüksək beynəlxalq səviyyəli nüfuzunun, onun dövlət və milli maraqlarımızı qətiyyətlə müdafiə etməsinin, Azərbaycanı dünyaya yeni reallıqların müəllifi kimi uğurla təqdim etməsinin göstəricisidir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.