23 yanvar 2026-cı il tarixində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (İƏT TEM) və ADA Universitetinin birgə əməkdaşlığı ilə Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş xüsusi tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir çərçivəsində komitə sədri Sadiq Qurbanovun “Neft və Davamlı İnkişaf: Azərbaycanın Enerji Strategiyası” adlı kitabının təqdimatı baş tutub.

Təqdimat mərasimində kitabın elmi, strateji və tətbiqi əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Arif Həşimov, eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış edərək Sadiq Qurbanovun əsərini Azərbaycanın enerji siyasətinin konseptual əsaslarını sistemli şəkildə təhlil edən mühüm elmi mənbə kimi qiymətləndiriblər.

Alim və ziyalıların səsləndirdikləri müsbət rəylər kitabın ideya-məzmun xəttinin bütövlüyünü, elmi-metodoloji ardıcıllığını və Azərbaycanın davamlı enerji strategiyasına dair baxışlarının aktuallığını bir daha təsdiqləyir.