22 yanvar 2026 21:35
136

Kağız diplom ERASI BİTİR: Bu dəyişiklik təhsil sisteminə nə vəd edir?

Ekspert:  Elektron sistemlər vaxt və resurs itkisinin qarşısını alır

Son illər dünyada dövlət idarəçiliyinin rəqəmsallaşdırılması prosesi sürətlə genişlənir və bu tendensiya ictimai həyatın bütün sahələrini əhatə edir. Xidmətlərin elektron müstəviyə keçirilməsi vətəndaş–dövlət münasibətlərində yeni yanaşmalar formalaşdırır, operativlik, şəffaflıq və əlçatanlıq prinsiplərini ön plana çıxarır. Bu prosesin mühüm istiqamətlərindən biri də təhsil sahəsidir. Kağız diplomlar, attestatlar artıq verilməyəcək. Təhsil haqqında dövlət sənədləri tam rəqəmsal formaya keçir. Bəs bu yenilik təhsilanlara hansı əsas üstünlükləri qazandıracaq və təhsil sahəsində hansı dəyişikliklərə yol açacaq?

Rəqəmsal dövlət idarəçiliyinin təhsildə yeni mərhələsi

Təhsil eksperti Elçin Süleymanov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, təhsil sahəsində dövlət sənədlərinin rəqəmsallaşdırılması Azərbaycanda idarəetmənin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilməlidit: “Son illər dövlət xidmətlərinin elektron müstəviyə keçirilməsi prosesi sürətlənir və bu tendensiya artıq təhsil sistemini də əhatə edir. Diplomlar, attestatlar, arayışlar, tələbə və müəllim məlumatları, eləcə də digər rəsmi sənədlərin rəqəmsal formada təqdim olunması həm vətəndaşlar, həm də dövlət qurumları üçün bir sıra ciddi üstünlüklər yaradır.

İlk növbədə, rəqəmsallaşma təhsil sahəsində şəffaflığın artırılmasına xidmət edir. Elektron sistemlər vasitəsilə sənədlərin vahid bazada toplanması saxtalaşdırma hallarının qarşısını almağa imkan verir. Diplom və attestatların elektron reyestrlərdə əks olunması onların həqiqiliyinin istənilən vaxt yoxlanmasını asanlaşdırır. Bu isə xüsusilə işə qəbul proseslərində, xaricdə təhsilin tanınması zamanı və akademik mobillik proqramlarında mühüm əhəmiyyət daşıyır”.

Vətəndaş üçün rahatlıq, dövlət üçün səmərəlilik

Ekspert qeyd etdi ki, digər mühüm məqam vaxt və resurs itkisinin minimuma endirilməsidir: “Ənənəvi kağız daşıyıcılı sənədlərin əldə olunması üçün vətəndaşların müxtəlif qurumlara müraciət etməsi, növbələrdə gözləməsi və əlavə xərclərlə üzləşməsi artıq tədricən aradan qalxır. Rəqəmsal platformalar vasitəsilə tələb olunan sənədlərin onlayn əldə edilməsi həm vətəndaş məmnunluğunu artırır, həm də dövlət qurumlarının iş yükünü azaldır. Bu, xüsusilə regionlarda yaşayan vətəndaşlar üçün əlavə rahatlıq yaradır.

Rəqəmsallaşmanın təhsil idarəçiliyinə verdiyi töhfə də danılmazdır. Elektron məlumat bazaları təhsilalanların sayının, tədris göstəricilərinin, kadr potensialının və infrastruktur vəziyyətinin daha dəqiq təhlilinə şərait yaradır. Bu məlumatlar əsasında daha çevik və əsaslandırılmış qərarların qəbulu mümkün olur. Nəticədə təhsil siyasətinin planlaşdırılması daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilir”.

Qlobal təhsil məkanına inteqrasiya imkanları

Elşin Süleymanov vurğuladı ki, rəqəmsal sənədləşmə ekoloji baxımdan da əhəmiyyətlidir: “Kağız istifadəsinin azalması təbii resursların qorunmasına töhfə verir. Bu yanaşma “yaşıl idarəetmə” prinsiplərinə uyğun olmaqla yanaşı, dövlətin dayanıqlı inkişaf strategiyasının bir hissəsi kimi də çıxış edir.

Beynəlxalq təcrübə göstərir ki, təhsil sənədlərinin rəqəmsallaşdırılması qlobal əmək bazarına inteqrasiyanı da asanlaşdırır. Elektron sənədlər vasitəsilə xarici ölkələrin universitetləri və beynəlxalq təşkilatlarla məlumat mübadiləsi daha operativ şəkildə həyata keçirilir. Bu isə Azərbaycan təhsil sisteminə beynəlxalq etimadı gücləndirən amillərdən biri kimi çıxış edir.

Bununla yanaşı, rəqəmsallaşma prosesinin uğurlu olması üçün informasiya təhlükəsizliyi məsələləri də xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və sistemlərin davamlı fəaliyyəti bu sahədə əsas prioritetlər sırasında yer alır. Məhz bu şərtlər təmin olunduğu halda rəqəmsal təhsil sənədləri cəmiyyət tərəfindən tam etibarla qəbul edilir”.

Texnoloji yenilikdən idarəetmə mədəniyyətinə

Həmsöhbətimiz son olaraq diqqətə çatdırdı ki, təhsil haqqında dövlət sənədlərinin rəqəmsallaşdırılması sadəcə texnoloji yenilik deyil, idarəetmə mədəniyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proses şəffaflığın artırılmasına, xidmətlərin əlçatanlığının təmin olunmasına, vaxt və resurslara qənaətə, eləcə də təhsil sisteminin ümumi səmərəliliyinin yüksəldilməsinə xidmət edir. Müasir dövrdə rəqəmsal təhsil sənədləri artıq alternativ deyil, zərurət kimi qiymətləndirilir.

Nigar Orucova, "İki sahil"