22 yanvar 2026 18:00
321

Əmək bazarında nəzarət gücləndirilir

Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransı keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda mətbuat konfransı keçirib.

Tədbirdə çıxış edən Xidmətin rəisi Vəli Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial islahatların mərkəzində layiqli əməyin təmin edilməsi, əmək hüquqlarının etibarlı qorunması və əmək münasibətlərində şəffaflığın artırılması dayanır.

Xidmət rəisi, həmçinin qeyd edib ki, 16 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyev tərəfindən əmək münasibətləri ilə bağlı qanunvericilikdə dəyişikliklər təsdiqlənib. Qəbul edilən dəyişikliklər əmək qanunvericiliyinin təkmilləşdirilməsinə, daha çevik və sosialyönlü tənzimləmə mexanizmlərinin tətbiqinə, eləcə də işçi hüquqlarının qorunmasının gücləndirilməsinə xidmət edir.

Bildirilib ki, 2025-ci il Dövlət Əmək Müfəttişliyi Xidməti üçün institusional inkişaf və əmək münasibətlərinin rəqəmsallaşdırılması baxımından mühüm mərhələ olub. İl ərzində vətəndaşlardan daxil olmuş 21 897 müraciət araşdırılıb, dövlət və özəl sektordan daxil olan 21 675 sorğu cavablandırılıb. Aparılan araşdırmalar nəticəsində 6 897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub, 89 işçi əvvəlki iş yerlərinə bərpa edilib.

Əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi vurğulanaraq bildirilib ki, elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb və 2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb. Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) platformasında tətbiq edilən yeni funksionallıqlar, eləcə də 2025-ci ilin may ayından elektron audit mexanizminin istifadəyə verilməsi nəzarətin və şəffaflığın daha da gücləndirilməsinə imkan yaradıb.

Əməyin mühafizəsi sahəsində istehsalatda baş verən bədbəxt hadisələrin azaldılması məqsədilə ardıcıl tədbirlərin həyata keçirildiyi, ötən illə müqayisədə bu göstərici üzrə azalma tendensiyasının müşahidə olunduğu diqqətə çatdırılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə maarifləndirmə tədbirlərinin genişləndirildiyi, “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələri çərçivəsində işəgötürənlərə metodiki dəstəyin gücləndirildiyi vurğulanıb.

Qeyd olunub ki, 2025-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və Xidmət 32 beynəlxalq mükafata layiq görülüb.

2026-cı il üçün əsas hədəflər əmək münasibətlərinə nəzarətin preventiv və rəqəmsal əsasda gücləndirilməsi, qeyri-formal məşğulluqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi, əməyin mühafizəsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Yaqut Ağaşahqızı, “İki sahil”