22 yanvar 2026 11:39
149

Avropa Parlamentinin haqsız tənqidinə Azərbaycan artıq reaksiya vermir

Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmədiyini bildirib və beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğunu söyləyib. Ölkə daxilində potensial risklərin mövcud olmadığını bildirən İlham Əliyev “Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir” fikrini söyləyib, eyni zamanda qeyd edib ki, regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Avropa Parlamenti ilə münasibətlərə toxunan ölkə başçısı bildirib: “Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.”

Müsahibənin çox vacib məqamlarından biri də Cənubi Qafqazda yaranmış yeni reallıqlarla bağlıdır. Azərbaycan prezidenti müxbirin “Cənubi Qafqazda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz” sualına cavab olaraq bildirib ki, “Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların,ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur.Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.” Azərbaycan Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib,diqtə olunan köhnə qaydalar da artıq işləmir.Bu kontekstdə ötən ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Vaşiqton razılaşmasnda nəzərdə tutulanların sistemli şəkildə həyata keçirilməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayıb, regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır. Bütün bunlar göstərir ki,Azərbaycan prezidentinin Cənubi Qafqazda yaranmış yeni reallıqlar kontekstində Azərbaycan-Ermənistan münasibətləri barədə söylədikləri bütün dünyaya mesajdır ki, Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə atdığı addımlar qalib dövlət olaraq Cənbu Qafqazda yaratdığı yeni situasiyadan yaşadığımız regionun tərəqqisi naminə bütün region dövlətlərinin faydalanmasını istəyir və bu əsasda Azərbaycan-Ermənistan münasibətlərində dayanıqlı sülhə,qarşılıqlı faydalı əməkdaşlığa və uzunmüddətli sabitliyə üstünlük verir.Bu yanaşma öz öptimallığı, mütərəqqiliyi ilə yanaşı,həm də bütün ölkələrin regional sabitliyə və təhlükəsizliyə töhfə verməsinin zəruliyi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri