22 yanvar 2026 10:17
207

Kamran Bayramov: Azərbaycan regional sabitliyi və enerji təhlükəsizliyini gücləndirir

Qlobal siyasətdə müşahidə olunan dərin transformasiyalar beynəlxalq münasibətlər sisteminin əsas prinsiplərini yenidən gündəmə gətirib. Müasir dövrdə beynəlxalq hüququn universallığı və icra mexanizmlərinin effektivliyi getdikcə daha çox sual altına düşür. Ayrı-ayrı regionlarda baş verən münaqişələr və güc balanslarının dəyişməsi göstərir ki, dünya artıq əvvəlki qaydalarla idarə olunmur və yeni siyasi reallıqlar formalaşır. Məhz belə bir şəraitdə dövlətlərin milli maraqlara əsaslanan çevik və realist strategiya yürütməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan siyasətini beynəlxalq hüquqa söykənərək və mövcud qlobal çağırışları düzgün qiymətləndirməklə formalaşdırıb. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası, eləcə də siyasi və iqtisadi inkişaf xətti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev məhz bu reallıqlara diqqət çəkərək vurğulayıb ki, beynəlxalq münasibətlər yeni mərhələyə daxil olub. Bu mərhələdə qanunun aliliyindən daha çox güc amili ön plana çıxır. Belə bir şəraitdə hər bir dövlət öz potensialına uyğun siyasət yürütməli, regional və qlobal müstəvidə etibarlı tərəfdaşlıqlar qurmağa çalışmalıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət, region ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi və qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunması bu strategiyanın uğurlu nəticələrindəndir. Mövcud beynəlxalq sistemdə baş verən dəyişikliklər fonunda Azərbaycanın tutduğu mövqe ölkənin uzunmüddətli milli maraqlarının qorunmasına və dayanıqlı inkişafına xidmət edir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, regionlarda baş verən geosiyasi proseslər, xüsusilə qonşu ölkələrdə müşahidə olunan qeyri-sabitlik halları, regional təhlükəsizlik və iqtisadi sabitlik baxımından ciddi narahatlıq doğurur. Bu kontekstdə, İran ətrafında cərəyan edən proseslər Avrasiya məkanında təhlükəsizlik mühitinə və enerji bazarlarına mümkün təsirləri ilə diqqət mərkəzindədir. Azərbaycan üçün əsas prioritetlərdən biri sərhədləri boyunca sabitliyin təmin olunmasıdır. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, ölkə daxilində təhlükəsizlik baxımından ciddi risklər mövcud deyil, lakin mümkün təhdidlər əsasən xarici amillərlə bağlı ola bilər. Məhz bu səbəbdən Azərbaycan qonşu regionlarda, o cümlədən İranda sabitliyin qorunmasında maraqlıdır və orada baş verən qeyri-sabitlik halları narahatlıqla izlənilir. Azərbaycan işğal və müharibə təcrübəsi yaşamış ölkə kimi sülhün və təhlükəsizliyin dəyərini dərindən anlayır. Minlərlə insan itkisi ilə nəticələnmiş münaqişələr göstərib ki, davamlı inkişaf və rifah yalnız sabitlik şəraitində mümkündür. Bu baxımdan regionda proqnozlaşdırıla bilən siyasi mühitin formalaşması və sülhün qorunması Azərbaycanın əsas mövqeyini təşkil edir: “Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.”  Enerji bazarları məsələsinə toxunan dövlət başçısı bildirib ki, mövcud qlobal qeyri-sabitliklərə baxmayaraq, neft qiymətləri hazırda nisbətən sabit olaraq qalır və bu səviyyə Azərbaycan üçün məqbuldur. İranda, Venesuelada və ya digər bölgələrdə baş verən proseslərin enerji qiymətlərinə ciddi təsir göstərməməsi bazarların müəyyən dərəcədə dayanıqlılığını nümayiş etdirir. Bu isə həm istehsalçı, həm də istehlakçı ölkələr üçün gələcəyin planlaşdırılması baxımından mühüm amildir. Dövlət başçımız ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda və ətraf regionlarda vəziyyət pisləşməyəcək və bütün dövlətlər regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfələrini verəcəklər. Azərbaycanın mövqeyi sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan regional münasibətlərin qurulmasını dəstəkləməkdən ibarətdir.
Deputat diqqətə çatdırıb ki, Cənubi Qafqaz regionu enerji təhlükəsizliyi baxımından artan strateji əhəmiyyətə malikdir və bu sahədə Azərbaycan aparıcı mövqedə çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sektoru üzrə Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları regionun digər ölkələrinə ixrac edən yeganə dövlətdir. Uzun illər Gürcüstanın, hazırda isə Ermənistanın enerji ehtiyaclarının Azərbaycandan qarşılanması ölkənin regiondakı həlledici rolunu açıq şəkildə göstərir. Dövlət başçısı müsahibəsində Azərbaycanın Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının davamlı şəkildə genişləndiyini xüsusi qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Prezident İlham Əliyev bildirib ki, boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdə qərarlaşıb ki, bu da ölkənin qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın zəngin təbii resurslara, inkişaf etmiş nəqliyyat-logistika imkanlarına və müasir boru kəməri infrastrukturuna malik olduğunu vurğulayıb. O qeyd edib ki, bir çox Avropa ölkəsi ilə mövcud olan tərəfdaşlıq həmin dövlətlər üçün enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan üçün də öz enerji ehtiyatlarını yüksək dəyərli, premium bazarlarda reallaşdırmaq imkanı yaradır. Dövlət başçısının sözlərinə görə, Azərbaycan qaz ixracının coğrafiyasını genişləndirərək təkcə Avropa istiqaməti ilə kifayətlənmir və bu yaxınlarda Suriyaya da təbii qaz ixracına başlanılıb. Bununla belə, Prezident İlham Əliyev vurğulayıb ki, qiymət və bazar baxımından ən əlverişli istiqamət məhz Avropa bazarı olaraq qalır. Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın Cənubi Qafqazda enerji sektorunda artan gücünü, eləcə də Avropa İttifaqı üçün etibarlı və strateji enerji tərəfdaşı mövqeyini bir daha təsdiqləyir. 

K.Bayramov əlavə edib ki, müsahibə zamanı Avropa Parlamenti ilə münasibətlər məsələsinə də toxunulub. Müxbirin Azərbaycanın Avropa Parlamenti tərəfindən davamlı tənqid olunmasına münasibət barədə sualına Prezident İlham Əliyevin cavabı qısa, konkret və müxbirin də vurğuladığı kimi diplomatik olub: “Biz artıq buna reaksiya vermirik”. Qeyd edilib ki, Azərbaycan uzun illərdir Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə hər hansı əməkdaşlığı dayandırıb. Hazırda ölkəmiz Avropa Komissiyası ilə əməkdaşlıq edir və bu format kifayət hesab olunur. Prezident İlham Əliyevin bildirdiyinə görə, Ermənistanın özünün Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyi bir şəraitdə, Azərbaycanın heç vaxt etmədiyi addımlarda, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” ittiham olunması Avropa Parlamentini ziddiyyətli və qeyri-ciddi vəziyyətə salır.
Dövlət başçısı xatırladıb ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Avropa Parlamentinin üzvləri gələcəkdə obyektiv mövqe nümayiş etdirərək Azərbaycana qarşı ədalətsiz yanaşmalarına yenidən baxacaqlar.