21 yanvar 2026 15:25
108

Azərbaycanın diplomatiya və sülh siyasətinin beynəlxalq aləmdə tanınması

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan nüfuzlu mükafatı qəbul edərək bunun Azərbaycanın və onun rəhbərliyinin Qafqazda sülhün təmin olunması uğrunda səylərinə verilən qiymət olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, bu mükafat həm də otuz ildən artıq davam edən münaqişə və müharibələrdən sonra bölgədə sülhün bərqərar olunmasına göstərilən beynəlxalq tanınmadır. Azərbaycan öz müstəqillik tarixi boyunca ilk dəfə beş-altı aydır sülh şəraitində yaşayır və bu tarixi fürsət və unikal vəziyyət ölkə üaçün böyük önəm daşıyır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlıq müstəvisinə keçib. Bu proses çərçivəsində ölkələr arasında yüklərin daşınmasında bütün məhdudiyyətlər aradan qaldırılıb və Ermənistanın əsas mallara, xüsusən də neft məhsullarına çıxışı təmin olunub. Dövlət başçısı bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır, həm iqtisadi, həm də sosial baxımdan müsbət təsir göstərir. Eyni zamanda, bu addımlar bölgədə davamlı iqtisadi inteqrasiyanın və ticarət əlaqələrinin inkişafına xidmət edir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın əsas məqsədi Qafqaz regionunda yalnız müvəqqəti deyil, uzunmüddətli və əbədi sülhün təmin olunmasıdır. Dövlət başçısı vurğulayıb ki, ölkəmizin bu istiqamətdə atdığı addımlar regional sabitliyi gücləndirmək, etibarlı tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək və Qafqazın iqtisadi-mədəni inteqrasiyasına töhfə vermək məqsədini daşıyır. Azərbaycan uzun illər davam edən münaqişələrdən sonra bölgədə sülhün bərqərar olunmasına mühüm töhfə verir və bu proses həm daxili, həm də beynəlxalq siyasətin prioritetlərindən biridir.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın uğuru yalnız ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə ölçülmür. Bu uğur eyni zamanda Azərbaycanın diplomatiya və sülh siyasətinin beynəlxalq aləmdə tanınması deməkdir. Dövlət başçısı bildirib ki, ölkəmizin həyata keçirdiyi strategiya regional və qlobal səviyyədə nüfuzunu artırır, digər dövlətlərlə əməkdaşlıq imkanlarını genişləndirir və Qafqazın davamlı sülh və təhlükəsizliyinə xidmət edir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı və balanslı oyunçu kimi tanınmasını təmin edir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bölgədə sabitlik, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiq qalır. Bu prinsip, yalnız siyasi və diplomatik sahədə deyil, həmçinin iqtisadi, nəqliyyat və mədəni əməkdaşlıq sahələrində də özünü göstərir. Prezidentin sözlərinə görə, Azərbaycanın təşəbbüsləri Qafqazda davamlı inkişafın və regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bu siyasət digər dövlətlər üçün nümunədir və göstərir ki, güc, diplomatiya və tərəfdaşlıq prinsiplərinin düzgün və balanslı istifadəsi uzunmüddətli sülhün təmin olunmasında əsas rol oynayır.

Ariz  Məmmədov,
YAP Xətai rayon təşkilatı fəalı