Əsas məqsədimiz təhsil və iqtisadiyyat arasında inteqrasiyanın gücləndirilməsinə töhfə verməkdir
Azərbaycan Respublikasında təhsil sahəsinin davamlı inkişafı və insan kapitalının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu strateji hədəflərin reallaşdırılmasında Təhsilin İnkişafı Fondu məqsədyönlü layihələri, institusional yanaşması və nəticəyönümlü fəaliyyət mexanizmləri ilə mühüm rol oynayır. Fondun təşəbbüsləri təhsil müəssisələrinin maddi-texniki imkanlarının genişləndirilməsinə, gənclərin bilik və bacarıqlarının müasir çağırışlara uyğunlaşdırılmasına, eyni zamanda, sosial rifahın yüksəldilməsinə xidmət edir.

Fondun mətbuat katibi Könül Abdulrəşidova “İki sahil” qəzetinə müsahibəsində qeyd edib ki, qurumun fəaliyyəti yalnız proqramların icrası ilə yekunlaşmır. Hər təşəbbüs regionlarda gənclərin potensialını üzə çıxarır və sosial ədalətin təmin olunmasına xidmət edir. Beləcə, Fond həm maddi-texniki dəstək, həm də sosial və innovativ yanaşmaların sintezini təqdim edir, Azərbaycan təhsilinin keyfiyyətini yüksəldir və dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradır.
-Fond Azərbaycanda təhsil sahəsinin inkişafında hansı əsas rola malikdir və təmsil etdiyiniz qurumun prioritet layihələri ilə uğurlu nümunələrini necə izah edə bilərsiniz?
-Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək göstərən publik hüquqi şəxsdir. Əsas məqsədimiz təhsil və iqtisadiyyat arasında inteqrasiyanın gücləndirilməsinə töhfə verməkdir.
Fondun prioritet fəaliyyət istiqamətləri çərçivəsində həyata keçirilən layihələr arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi”, tələbələrin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş “TələbəPlus” layihəsi, müxtəlif kateqoriyalar üzrə icra edilən təqaüd və təcrübə proqramları, eləcə də müəllim və tələbələrin rəqəmsal bacarıqlarının artırılmasına yönəldilmiş “4Sİ Akademiyası-Milli Proqram” uğurlu nümunələr kimi qeyd edilə bilər.

-Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Fond üçün nə qədər önəmlidir və bunun təhsilin keyfiyyətinə təsiri necədir?
-Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Təhsilin İnkişafı Fondu üçün mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıqlar çərçivəsində tərəfdaşlar tərəfindən Fondun layihələrinə ianələr edilir, təqaüd proqramlarının maliyyələşdirilməsinə dəstək göstərilir və təhsil təşəbbüslərinin əhatə dairəsi genişləndirilir. Xüsusilə “TələbəPlus” layihəsi çərçivəsində tərəfdaş qurumların iştirakı ilə tələbələr üçün müxtəlif sahələr üzrə endirim və güzəşt imkanları yaradılır. Bu yanaşma tələbələrin sosial rifahının yaxşılaşdırılmasına, təhsil xərclərinin azalmasına və ümumi təhsil mühitinin dəstəklənməsinə töhfə verir. Nəticə etibarilə, tərəfdaşlıqlar Fondun layihələrinin davamlılığını təmin etməklə yanaşı, təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir.
-Fondun layihələrində inklüzivlik, regionlararası bərabərlik və azsaylı qrupların təhsilə çıxışı necə təmin edilir?
-Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən layihələrdə inklüzivlik və bərabər imkanların yaradılması əsas prinsiplərdən biri kimi müəyyən edilib. Fond proqramlarını ölkənin bütün regionlarını əhatə edəcək şəkildə qurur və regionlarda yaşayan, eləcə də sosial baxımdan həssas kateqoriyalara aid olan gənclərin təhsilə çıxışını xüsusi diqqətdə saxlayır. Bu çərçivədə “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı, “Parla” təqaüd və inkişaf proqramı, “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı, “Zərif mühəndislər” təqaüd proqramı regionlarda yaşayan və sosial baxımdan həssas qruplardan olan tələbələrə yönəlib. Xüsusilə “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı regionlarda yaşayan, aztəminatlı ailələrdən olan və təhsil imkanları məhdud olan qızların ali təhsilə çıxışını genişləndirməyə yönəlib. Təqaüd mexanizmi vasitəsilə bu kateqoriyadan olan tələbələrin təhsil xərclərinin qarşılanmasına dəstək göstərilir və onların təhsil prosesində davamlı iştirakı təmin olunur.
-Fond gənclərin və valideynlərin təhsilə marağını artırmaq üçün hansı təşəbbüsləri həyata keçirir?
-Təhsilin İnkişafı Fondu gənclərin və valideynlərin təhsilə marağının artırılması məqsədilə maarifləndirici və ictimai təsir yönümlü təşəbbüslər həyata keçirir. Bu istiqamətdə Fond tərəfindən müxtəlif mövzuları əhatə edən sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilib. Sosial çarxlarda qızların təhsilə cəlb olunmasının əhəmiyyəti, erkən evliliyin təhsilə və fərdi inkişafa mənfi təsirləri, eləcə də şagirdlər arasında sağlam münasibətlərin və qarşılıqlı hörmətin təşviqi kimi mövzulara xüsusi diqqət yetirilib.
-Gələcəkdə Fondun strategiyasında hansı istiqamətlərə daha çox diqqət yetiriləcək?
-Gələcək dövrdə Təhsilin İnkişafı Fondunun strategiyasında təhsil müəssisələrinin fəaliyyətlərinin dəstəklənməsi əsas istiqamətlərdən biri olacaq. Bu çərçivədə təhsil sahəsində həyata keçirilən layihələrin Fond tərəfindən maliyyələşdirilməsinin davam etdirilməsi, eləcə də mövcud mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Strategiyada dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, bu çərçivədə yeni təşəbbüslərin təşviqi, təqaüd və təcrübə proqramlarının əhatə dairəsinin artırılması da prioritet istiqamətlər sırasında yer alır. Bununla yanaşı, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönəlmiş infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanılacaq. Həmçinin təhsil sahəsində müasir çağırışlar nəzərə alınaraq süni intellekt üzrə tədqiqatların təşviqi və yeni proqramların ölkə təhsil sistemində tətbiqi istiqamətində addımların atılması nəzərdən keçirilir.
Yaqut Ağaşahqızı, “İki sahil”