21 yanvar 2026 21:00
100

Azərbaycan Avropanı sərt qışdan xilas edir

Qış “qoca qitə” ölkələri üçün sərt sınaqdır. Avropa ölkələrinin əksəriyyətinin Rusiyadan qaz tədarükünü mümkün qədər azaltmasından sonra Azərbaycan önə çıxıb. Həm də avropalılara çoxdan belə bir iqtisadi layihə lazım idi.  Onu da qeyd edək ki, hər il qaz yanacağı sarıdan Rusiyadan asılı qalan ölkələr bu asılılıqdan xilas olmaq üçün ölkəmizə üz tutublar. Ölkəmizdən qazın nəql olunması üçün bir neçə ildir ki, hazırlıq işləri aparılırdı və artıq bu işlər başa çatmaq üzrədir. Əvvəllər Avropanın yalnız yeddi ölkəsi Azərbaycan qazı ilə təmin olunurdu.

2026-cı ilin yanvarından etibarən SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb. Tədarük Avropanın əsas enerji arteriyalarından biri sayılan Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə həyata keçirilir. TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsi olmaqla Gürcüstan üzərindən uzanır və Azərbaycan qazını birbaşa Avropa bazarına çıxarır. Bu, Avropanın çoxdan arzusunda olduğu böyük iqtisadi layihədir.

Nəticədə Almaniya Azərbaycan qazını qəbul edən əsas ölkələrdən birinə çevrilib. Bu addım Avropada enerji təhlükəsizliyi uğrunda gedən rəqabətdə yeni mərhələ kimi qiymətləndirilir. Rəsmi məlumatlara əsasən, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur və SOCAR Avropa ilə yanaşı, Yaxın Şərqdə də mövqelərini genişləndirir. Hazırda əhalisi çətin vəziyyətdə olan Suriyaya təbii qaz nəqli ilə Azərbaycan Yaxın Şərqdə də öz nüfuzunu genişləndirməkdə və möhkəmləndirməkdədir.

2025-ci ildə Azərbaycan, ümumilikdə, 51,5 milyard kubmetr qaz hasil edib. Daxili ehtiyacın ödənilməsindən sonra bu həcmin 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya nəql edilib. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz istehsal etdiyi qazın yarıya qədərini xarici ölkələrə ixrac edir. Bu, onun beynəlxalq miqyasda nüfuzunu daha da yüksəldir.

Artıq xeyli müddətdir ki, bir çox xarici ölkələrdə Azərbaycanın etibarlı tərəfdaş olması barədə fikir təsdiqlənib. Xüsusilə, TAP layihəsinin reallaşmasında göstərdiyi siyasi iradə Azərbaycanın reytinqini xeyli yüksəldib. Məhz buna görə ölkəmizlə iqtisadi əməkdaşlıq edənlərin sayı getdikcə artır. Dövlət başçıları bunu rəsmi tədbirlərdə dəfələrlə qeyd ediblər. Onlar Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıblar. Ukraynanın Baş naziri Yuliya Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur. Baş nazir Azərbaycan rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, müharibə aparan ölkə üçün bu dəstəyin həyati əhəmiyyəti olduğunu da vurğulayıb.

Vəli İlyasov, “İki sahil”