20 yanvar 2026 18:24
212

"Fitch": Azərbaycanda bir çox banklar Bazel III tələblərinə hazırdır

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Bazel III" standartlarının tətbiqinin Azərbaycanın bank sektorunun kredit dinamikasına və ya kredit portfelinin strukturunun dəyişməsinə əhəmiyyətli təsir göstərəcəyini gözləmir.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" agentliyinin sualına cavab olaraq "Fitch Ratings"in maliyyə institutları – banklar üzrə kiçik direktoru Maksim Malyutin "Fitch" Qafqaz haqqında: suveren sektorun və bank sisteminin 2026-cı il üçün perspektivləri" adlı vebinarda bildirib.

Onun sözlərinə görə, bankların pərakəndə kreditlərin həcmini artıracağı ehtimal olunur, korporativ portfeldə isə ticarət və xidmət sahələri üstünlük təşkil edəcək ki, bu da sektorun struktur xüsusiyyətidir.

"Yerli banklar neft-qaz şirkətlərini böyük həcmlərdə kreditləşdirmir və əsasən ticarət və xidmət sektoruna yönəlib, buna görə də orada əhəmiyyətli təsir gözləmirik", - M.Malyutin qeyd edib.

O, həmçinin vurğulayıb ki, Azərbaycan banklarının bir çoxu "Bazel III"ün yeni tələblərini yerinə yetirməyə yaxşı hazırlaşıb, çünki onların kapital göstəriciləri, "Fitch"in qiymətləndirmələrinə görə, artıq adekvat səviyyədədir.

"Bir sıra daha kiçik banklarda müəyyən çətinliklər yarana bilər, lakin sektorun iri oyunçuları ümumiyyətlə bu tələblərə əməl etməyə hazırdır", - M.Malyutin əlavə edib.