19 yanvar 2026 17:51
216

Əgər dilə laqeyd yanaşılarsa... - EKSPERT AÇIQLAYIR

BDU-nun professoru mediada dil pozuntularına diqqət çəkir və çıxış yollarını göstərir

Müasir dövrdə qloballaşmanın sürətlənməsi və informasiya texnologiyalarının geniş yayılması mediada dilin rolunu daha da aktuallaşdırır. Televiziya verilişləri, radio proqramları, onlayn platformalar və sosial şəbəkələr ədəbi dilin qorunması baxımından həm imkan, həm də çağırış məkanıdır. Mediada dil normalarına diqqətsiz yanaşma yalnız ədəbi dilin saflığını pozmur, eyni zamanda, milli kimlik, ictimai şüur və dövlətçilik ənənələrinin davamlılığına təsir edə bilər. Prezident İlham Əliyevin dilin saflığının qorunması ilə bağlı ardıcıl çıxışları və tövsiyələri bu prosesin yalnız mədəni deyil, həm də strateji əhəmiyyət daşıdığını göstərir və medianın üzərinə konkret məsuliyyət qoyur.

Bəs müasir mediamız Azərbaycan ədəbi saflığının qorunması üçün bütün media iştirakçıları hansı prinsiplərə əməl etməli və hansı məsuliyyətləri üzərinə götürməlidir?

Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Allahverdi Məmmədli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, dövlət başçımızın Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çıxışları böyük əks-səda doğurub: “Prezident İlham Əliyev həm AMEA-nın 80 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında, həm də Azərbaycan telekanallarına verdiyi müsahibəsində bu mövzunun əhəmiyyətinə bir daha toxunaraq hər birimizin məsuliyyətini xüsusi vurğuladı”.

Əməkdar jurnalistin sözlərinə görə, dil Azərbaycan dövlətçiliyinin yaranması və inkişafında mühüm rol oynayıb: “Eyni zamanda, dil xalqın özünüqoruma instinktini gücləndirir və onu səfərbər edir. Əgər xalqın dili varsa, o yaşayır. Hazırda dilimizin təhlükə altında olduğunu demək olmaz. Lakin əgər biz onu yad kəlmələrdən qorumasaq, müəyyən mənada ciddi çətinliklərlə üzləşə bilərik”.

A. Məmmədli qeyd etdi ki, Azərbaycan mediasında dil ilə bağlı problemlər xüsusilə audiovizual sahədə özünü göstərir. Bu sahədə çalışan insanlar, xüsusilə aparıcılar, dilimizin saflığını qorumaq üçün sözün əsl mənasında mübarizə aparmalıdırlar. Əgər bu gün onlar dilimizin saflığını qorumasalar, dil şübhəsiz ki, deformasiyaya uğraya bilər. Audiovizual mediada bəzən elə ifadələr işlədilir ki, onların Azərbaycan dilində dəqiq qarşılığı var, lakin alınma sözlərdən istifadə daha çox üstünlük təşkil edir. Düzdür, elm və texnikanın inkişafı nəticəsində dilimizə müəyyən yeni söz və ifadələr daxil olmuşdur. Bunlar əsasən  yeni sözlərlə (neologizmlərlə) bağlıdır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan dili çox zəngin bir dildir. Dilimizin leksik ehtiyatları genişdir və arxaik sözlərin bir çoxu bu gün də istifadəyə yararlıdır. Audiovizual mediada çalışanlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər”.

Əvvəllər qəzet və jurnallarda korrektor və oxucu ştatları mövcud idi...

Həmsöhbətimiz vurğuladı ki, yazılı mediada da müəyyən qüsurlar mövcuddur. Əvvəllər qəzet və jurnallarda korrektor və oxucu ştatları mövcud idi və onlar qəzetin bütün səhifələrini diqqətlə oxuyurdular, onların yanında hər zaman orfoqrafiya lüğəti olurdu. Sözün yazılışında şübhə yarandığı zaman dərhal lüğətə baxaraq düzgün forması ilə düzəldirdilər. Çap mediasında sözlərin yazılışında müəyyən qüsurlar meydana çıxır və bu, şübhəsiz ki, redaktə mexanizmlərinin zəifliyindən irəli gəlir.

Bəzi sosial şəbəkə istifadəçiləri dilin qayda-qanunlarına uyğun olmayan ifadələr işlədir...

Müsahibimiz qeyd etdi ki, ümumi dil mədəniyyətinin zəifləməsinin səbəblərindən biri də sosial şəbəkələrdir. Bəzi sosial şəbəkə istifadəçiləri dilin qayda-qanunlarına uyğun olmayan ifadələr işlədir, sözləri təhrif edirlər ki, bu da oxucu və izləyicilərdə müəyyən narazılıq və ikrah hissi yaradır. Nəticədə dil mədəniyyətinin səviyyəsi aşağı düşür. Bunun başlıca səbəbkarı isə sosial şəbəkələrdə qeyri-peşəkar insanların yazdıqları və ya söylədikləridir. Bəzən isə bu, onların bilməyərəkdən yaratdıqları pozuntulardır. Jurnalist peşəsində diqqətsiz yanaşmanın oxucu və cəmiyyət üzərində əhəmiyyətli təsirləri vardır. İnsan televizora baxanda, radionu dinləyəndə və ya qəzet oxuyanda oradakı qüsurları görürsə, həmin qüsurlar şübhəsiz ki, onun düşüncəsinə təsir edir. Bəzən isə qüsuru görməsə belə, şüuraltı olaraq onun təsiri altında olur. İnsan elə zənn edir ki, sözün belə yazılması və ya belə deyilməsi düzgündür. Halbuki bu, Azərbaycan ədəbi dilinin norma və prinsiplərinə uyğun olmayan ifadələrdir və cəmiyyətə belə dil nümunələrini ötürmək olmaz.

Cəmiyyətdə dil mədəniyyətinin pozulması ilə bağlı narahatlıqlar artıq yalnız ziyalıları deyil, xalqımızı, hətta dövlətimizi də düşündürməyə başlayıb. Biz buna böyük diqqət yetirməliyik. Dil millətin varlığıdır. Əgər dilə laqeyd yanaşılarsa, tədricən milli kimliyimizi də itirmək riski yaranır. İnsan dilinə görə tanınır. Onun dili həm də mədəniyyətinin, adət-ənənələrinin əksidir. Adət-ənənə dil vasitəsilə formalaşır və bu, müəyyən dəyərlərin qorunması və inkişafı üçün vacibdir. Laqeyd münasibət isə bu dəyərlərin pozulmasına və müəyyən risklərin yaranmasına gətirib çıxara bilər.

A.Məmmədlinin sözlərinə görə,bir çox hallarda kütləvi informasiya vasitələrində dilin fonetik, morfoloji, sintaktik və semantik normalarından ciddi yayınmalar müşahidə olunur. Bu hallar təkcə audiovizual və ya çap mediası ilə məhdudlaşmır, eyni zamanda, bir sıra digər sahələrdə də dilin qorunması ilə bağlı müəyyən işlərin görülməsini zəruri edir. Məsələn, filmlərin dublyajında ciddi nöqsanlara rast gəlinir. Xarici dillərdən edilən bədii tərcümələrdə, xüsusilə ədəbi əsərlərdə böyük qüsurlar mövcuddur. Hətta küçə və meydanlarda yerləşdirilən reklamlarda da dil baxımından ciddi səhvlərə yol verilir. Təəssüf ki, bu nöqsanlar bu günədək tam aradan qaldırılmamışdır. İstər küçələrdə, istərsə də müxtəlif mağaza və satış obyektlərində olan adlarda da müəyyən dil qüsurları müşahidə olunur.

Televiziya və radio sahəsindən danışarkən Əməkdar jurnalist qeyd etdi ki, bu problemlərin aradan qaldırılması üçün ilk növbədə televiziya və radio aparıcıları üçün xüsusi təlimlər təşkil olunmalıdır. Aparıcıların seçiminə son dərəcə ciddi yanaşılmalıdır. Televiziya kanallarında mütəmadi monitorinqlər aparılmalı, bu monitorinqlər vasitəsilə dil normalarının pozulması halları aşkar edilərək aparıcılara ciddi iradlar bildirilməlidir. Hətta onlar cəzalandırılmalıdır. Belə olan hallarda dilin qorunmasına və inkişafına müəyyən mənada nail olmaq mümkündür.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, nitq mədəniyyətinin inkişafı üçün tələbələrlə də ciddi şəkildə işləmək vacibdir. Çünki tələbələrin əksəriyyəti gələcəkdə audiovizual media sahəsi üçün, yəni televiziya, radio və müxtəlif internet saytları üçün kadr kimi hazırlanır. Bu baxımdan kadrların hazırlanmasına çox məsuliyyətli və sistemli şəkildə yanaşılmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”