19 yanvar 2026 15:24
90

2026-cı il üçün neftin orta qiyməti AÇIQLANDI - PROQNOZ

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, 2026-cı ildə neftin orta qiyməti bir barel üçün 62,13 dollar təşkil edəcək, 2027-ci ildə isə bu göstəricinin 62,17 dollara yüksələcəyi gözlənilir. Fondun məlumatına görə, neft qiymətləri hazırda aşağı səviyyədə qalır və “qlobal tələbatın zəif artımı və təklifin güclü şəkildə artması” səbəbindən azalmaqda davam edəcəyi proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə quruma istinadla "Kommersant" məlumat yayıb.

BVF hesab edir ki, neft üçün “yumşaq qiymət baryeri” daha yüksək istehsal xərclərinə malik istehsalçılar, eləcə də Çinin strateji ehtiyatları və OPEK+ ölkələrinin “qiymətlərin kəskin ucuzlaşmasının qarşısını almağa” yönəlmiş siyasəti hesabına təmin olunur. Fondda həmçinin gözlənilir ki, qaz qiymətləri nisbətən sabit qalacaq. Bu, enerji daşıyıcılarına tələbatın azalması və orta müddətli perspektivdə mayeləşdirilmiş təbii qazın (LNG) kifayət qədər təklif olunması fonunda baş verəcək.

Yanvar ayının əvvəlində Brent markalı neftin mart fyuçersi bir həftə ərzində 4,17% bahalaşaraq bir barel üçün 63,34 dollara çatıb, daha sonra isə qiymət 65 dollara qədər yüksəlib. Bu gün isə Brent yenidən ucuzlaşma mərhələsinə keçərək 63,6 dollar səviyyəsində ticarət olunur. Bu barədə Investing.com platformasının məlumatında deyilir. Kpler şirkətinin qısamüddətli proqnozuna görə isə Yaxın Şərqi Asiya bazarlarında İran və Rusiya neftinin, eləcə də bəzi Latın Amerikası sortlarının qiymətlərində artım gözlənilir.