19 yanvar 2026 20:11
116

Hər dəfə “20 Yanvar” stansiyasının yanından keçəndə…

 İmran Bədirxanlı: O gecə baş verənlər kino lenti kimi gözlərim önündə canlanır

Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Həmin gecə heç bir fövqəladə vəziyyət elan edilmədən Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Başqa sözlə desək, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardım işçiləri olub. Hətta Sovet qoşunlarının hərəkətlərində tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.

“Xalq” qəzetinin əməkdaşı İmran Bədirxanlı həmin gecənin şahidi kimi “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hər dəfə metronun “20 Yanvar” stansiyasının üstündəki xatirə kompleksinin önündən keçəndə o gecə baş verənlər kino lenti kimi gözlərim önündə canlanır: “Bəri başdan qeyd edim ki, müstəqilliyimizn təməlinin atıldığı o gecədə itkilərimiz daha çox ola bilərdi. Həmin gecə Bakı Metropoliteninin rəhbərliyi qətiyyət nümayiş etdirərək, qatarların səhərə kimi işləməsi barədə göstəriş verdi. Həmin gecə xüsusilə “XI Qızıl Ordu” (“20 Yanvar”), “Məşədi Əzizbəyov” (“Koroğlu”) və “Bakı Soveti” (“İçərişəhər”) metro stansiyalarına pənah gətirənlərin sayı daha çox idi.  Məhz səhərə qədər fasiləsiz çalışan metropoliten faciənin daha böyük miqyas almasına yol vermədi. Çünki metro ölümsaçan güllələrdən qaçan insanların, yaralıların sığınacağı, yeganə pənah yerinə çevrilmişdi. Bəlkə də o gecə metronun qapıları üzümüzə açılmasaydı, öldürülənlərin sayı minlərlə olardı”.

İ. Bədirxanlı daha sonra dedi: “Onda mən Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsi idim. Yanvarın 19-da təxminən saat 22.00 radələrində bizi Azərbaycan KP MK-nın binası önündən avtobuslara mindirib “Sovet ordusunun Bakıya daxil olmasının qarşısını almaq üçün” metronun “XI Qızıl Ordu” stansiyasına (sonralar “20 Yanvar” adlandırıldı – red.) gətirdilər. Nə baş verdiyindən, bizi qarşıda nəyin gözlədiyindən xəbərsiz idik. Çünki təxminən, 2–3 saat ondan əvvəl televiziyanın enerji bloku partladılmış, AzTV-nin yayımı kəsilmişdi. Şəhərdə qeyri-adi vəziyyət yaranmışdı. Nə isə… Mən tankların nəriltisini eşidəndə gecə saat 1-ə 5–10 dəqiqə işləyirdi. Sonra baş verənlər, sadəcə, yuxuya bənzər epizodlardır. Belə ki, tankların gur işıqları altında ətrafa işıqsaçan güllələr səpələnirdi. Güllələnən insanlar yerə sərirdil. Hə, o da yadımdadır ki, tanklardan biri işğalçı XI qızıl ordunun şərəfinə ucaldılmış fəhlə-kəndli-matros abidəsinin önündəki qazona “dırmaşdı” və orada dərin şırımlar açaraq geri döndü. Bir sözlə, insanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Özümüzü birtəhər metroya salaraq canımızı qurtardıq”.

Müsahibimiz, həmçinin vurğuladı ki, vaxtında araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi: “Onu da qeyd etmək yerinə düşər ki, 1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımızın azadlıq, müstəqillik qazanmasına yol açdılar. Bu mənada həmin gecəni yalnız faciə kimi dəyərlərdirməməliyik”.

Qvami Məhəbbətoğlu, “İki sahil”