19 yanvar 2026 16:41
157

20 Yanvar: qanla yazılmış şərəf səlnaməsi

Azərbaycan xalqının tarixində qürurla xatırlanan, fəxrlə yad edilən və gələcək nəsillərə örnək olan şərəfli günlər çoxdur. Lakin bu günlər arasında elə bir tarix var ki, 36 il keçməsinə baxmayaraq, əsrlər boyu qanla yazılmış Şərəfli Tarix kimi yaddaşlarda yaşayacaq, insanlara dövlətin, millətin və müstəqilliyin qorunmasının necə ağır qurbanlar bahasına başa gəldiyini xatırladacaqdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hakimiyyətinin Azərbaycana qarşı həyata keçirdiyi qanlı əməliyyat nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, yaralandı və repressiyalara məruz qaldı. Bu faciə Azərbaycanın azadlıq mübarizəsi tarixində silinməz bir səhifə olmaqla yanaşı, Sovet rejiminin insan haqlarını kobud şəkildə tapdaladığını sübut edən dəhşətli bir cinayət idi.

1987-ci ildən etibarən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından deportasiya edilməsi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri bölgədə gərginliyi daha da artırdı. Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı vəhşiliklə doğma yurdlarından qovuldu, onların evləri və əmlakları talan edildi. Bununla yanaşı, azərbaycanlılara qarşı milli zəmində ayrı-seçkilik və zorakılıq siyasəti həyata keçirildi.

Sovet rəhbərliyi isə bu hadisələrin qarşısını almaq əvəzinə, Ermənistanı müdafiə edərək Azərbaycanın suverenliyinə və xalqın hüquqlarına qarşı mövqe nümayiş etdirdi. Azərbaycan xalqının hüquqlarını qorumaq və müstəqillik tələblərini irəli sürmək məqsədilə keçirilən dinc mitinqlər isə daha genişmiqyaslı repressiyaların başlanğıcına çevrildi. Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi “Bakı əməliyyatı” əvvəlcədən planlaşdırılmış hərbi müdaxilə idi. Bu əməliyyatda Stavropoldan, Rostovdan və Krasnodardan cəlb olunmuş erməni zabit və əsgərləri də iştirak edirdi. Hətta hərbi məktəblərdə təhsil alan erməni kursantları belə bu məqsədlə səfərbər edilmişdi.

“Bakı əməliyyatı” SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Filip Babkov tərəfindən idarə olunurdu. Fövqəladə vəziyyət rəsmi olaraq yanvarın 20-də saat 00:00-da elan edilsə də, qoşunlar artıq yanvarın 19-u saat 21:00-dan etibarən şəhərə daxil olmuşdu.

Yanvarın ortalarında SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin 66 mindən artıq hərbçisi Bakıya göndərilmişdi. Bu qüvvələr “Qala” və “Nasoslu” aerodromlarında, Respublika stadionunda və Salyan kazarmasında yerləşdirilmişdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi Mixail Qorbaçovun birbaşa göstərişi ilə Azərbaycanda ağır hərbi cinayət törətdi. Fövqəladə vəziyyət elan olunmamışdan əvvəl Bakıya və bir neçə rayona tanklar və ağır silahlarla qoşun yeridildi. Silahsız dinc əhali atəşə tutuldu, mülki şəxslər xüsusi qəddarlıqla qətlə yetirildi. Həmin gecə 82 nəfər öldürüldü, 20 nəfər isə ölümcül yaralandı. Qadınlar, uşaqlar və yaşlılar bu vəhşiliyin əsas qurbanları oldu. 1990-cı il yanvarın 20-də səhər saat 5:30-da Bakı şəhərinin komendantı V.Dubinyak radio vasitəsilə fövqəladə vəziyyətin elan edildiyini rəsmi şəkildə bildirdi. Halbuki, hərbi əməliyyatlar artıq gecə yarısından başlamış, saat 00:00-dan etibarən ağır texnikalarla dinc əhaliyə qarşı amansız qətliam həyata keçirilmişdi.

Sovet ordusu tanklar, zirehli döyüş maşınları və Xəzər Hərbi Donanmasına məxsus desant qüvvələri ilə Bakıya daxil olaraq dinc əhaliyə qarşı misilsiz qəddarlıq nümayiş etdirdi. Fövqəladə vəziyyət elan edildikdən sonra belə cinayət əməlləri davam etdirildi. 20 yanvar və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyətin tətbiq olunmadığı bölgələrdə isə qırğınlar davam etdi: yanvarın 25-də Neftçalada, yanvarın 26-da isə Lənkəranda ümumilikdə 8 nəfər həyatını itirdi. Nəticə etibarilə, Qanlı Yanvar hadisələri zamanı 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.

Faciə yalnız insan itkiləri ilə məhdudlaşmadı. Eyni zamanda dövlətə və vətəndaşlara məxsus əmlaka 5 milyon 637 min 286 rubl məbləğində maddi ziyan vuruldu. 200-dən çox ev və mənzil, 80 avtomobil, o cümlədən təcili tibbi yardım maşınları məhv edildi. Bu qətliam Sovet imperiyasının Azərbaycanda insan hüquqlarını necə kobud şəkildə tapdaladığını bütün dünyaya nümayiş etdirdi.

20 Yanvar hadisələri Sovet İttifaqı Kommunist Partiyasının Azərbaycandakı bütün siyasi və hüquqi dayaqlarını sarsıtdı. Azərbaycan xalqının Sovet rejiminə və Kommunist Partiyasına qarşı nifrəti kulminasiya nöqtəsinə çatdı. Hadisələrdən sonra Sov.İKP sıralarında kütləvi istefalar başladı, minlərlə üzv partiya biletlərindən imtina edərək təşkilatı tərk etdi.

Qanlı Yanvar faciəsi Azərbaycanın azadlıq uğrunda apardığı mübarizənin ideoloji və siyasi simvoluna çevrildi. Məhz bu hadisədən sonra xalq öz azadlığı uğrunda mübarizəni daha da gücləndirdi, Sovet rejiminin haqsızlıqlarına qarşı ümumxalq müqaviməti formalaşdı və nəticədə 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı keçirən Heydər Əliyev Sovet rəhbərliyini və bu cinayəti törədən hərbçiləri tarixin və ədalətin qarşısında cinayətkar adlandırdı. Kremlin tətbiq etdiyi informasiya blokadasına baxmayaraq, bu çıxış dünya ictimaiyyətində geniş rezonans doğurdu. Heydər Əliyevin qətiyyətli mövqeyi xalqın qəlbində ümid işığını yandırdı və milli birliyə güclü təkan verdi.

20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən faciəyə ilk siyasi qiymət verən tarixi qərar qəbul edildi. 1994-cü il martın 29-da isə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. 1998-ci ildə isə Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olundu.

Heydər Əliyev bu faciəni Azərbaycan xalqının milli qüruru və müstəqilliyi uğrunda apardığı mübarizənin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirdi. Ulu Öndər bu hadisələri belə xatırlayırdı:

“Mən bu faciəyə həmişə ürəkdən yanaraq, eyni zamanda vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam. Bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini və milli mənliyini qorumaq naminə.”

Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutmuş, Şəhidlər Xiyabanının abadlaşdırılmasına, şəhid ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Prezidentin tapşırığı ilə 2010-cu ildə faciənin 20-ci ildönümündə Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksi ucaldılmış və onun açılışı dövlət başçısının şəxsi iştirakı ilə həyata keçirilmişdir. 2023-cü il yanvarın 13-də imzalanmış Fərmanla isə 20 Yanvar şəhidlərinin ailələri üçün təsis edilmiş təqaüdlərin məbləği artırılmışdır.

20 Yanvar hadisələrinin tədqiqi, şəhidlərin xatirəsinin daim uca tutulması, onların ailələrinə və digər qurbanlara sosial və mənəvi dəstəyin göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman oğul və qızlarımızın ruhuna ehtiramını bildirir.

1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində yalnız böyük bir faciə deyil, eyni zamanda milli qürur və şərəf simvoludur. O gün xalq öz ləyaqətini, milli varlığını və istiqlalını qorumaq naminə misilsiz cəsarət nümayiş etdirdi. Əliyalın insanlar böyük hərbi gücə qarşı çıxdı və şəhidlərimizin qanı ilə tariximizə şərəfli bir səhifə yazıldı.

20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı milli azadlıq mübarizəsinin zirvə nöqtəsi oldu və azadlıq ideyasının heç vaxt məğlub edilə bilməyəcəyini dünyaya nümayiş etdirdi.

Bu hadisələr yalnız ölkə daxilində deyil, xaricdə yaşayan azərbaycanlılar üçün də mühüm dönüş nöqtəsinə çevrildi. Qanlı Yanvar dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirdi, diaspor təşkilatlanmasını sürətləndirdi və milli faciəmizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni mərhələnin əsasını qoydu.

Nəticə etibarilə, Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin möhkəmlənməsində həlledici rol oynadı. Xalq azadlıq idealına daha böyük qətiyyətlə bağlandı və milli azadlıq hərəkatı dönməz siyasi reallığa çevrildi. Bu gün 20 Yanvar şəhidlərinin əziz xatirəsini yaşatmaq, onların müqəddəs amalına sadiq qalmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini