15 may 2026 19:19
86

Gənc diplomatlarımız NATO-da

Bir zamanlar bəzi bədxahlarımız Azərbaycanın bu beynəlxalq hərbi təşkilata yaxınlaşmasını istəmir, blef gələrək hətta bunun təhlükəli olduğunu bildirirdilər. Lakin illər keçdi, bunun provokasia olduğu aşkara çıxdı. Məlum oldu ki, hərbi təşkilat əzilənlərin yanında yer alır və dəstək verir. Artıq xeyli müddətdir ki, Azərbaycan öz ordusunu NATO standartlarına uyğun hazırlayır və müasir hərbi texnika və yeni istehsal olunmuş silahlarla təchiz edir. Bu baxımdan hazırda ordumuz dünyanın güclü orduları sırasına daxildir.

Azərbaycanın gənc diplomatlardan ibarət növbəti qrupu NATO-nun mənzil-qərargahına səfər edib. Bu barədə Azərbaycan NATO yanındakı Nümayəndəliyi məlumat yayıb. Məlumata görə, gənc diplomatların Alyansın qərargahına səfər etməsi artıq bir ənənəyə çevrilib. Nümayəndəlik bu ənənəvi səfərlərin davam etməsindən məmnunluğunu ifadə edərək, göstərilən köməyə və yaradılan şəraitə görə NATO rəhbərliyinə  razılığını bildirib. Müəyyən edilmiş proqram çərçivəsində azərbaycanlı diplomatlar üçün NATO-nun fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunan genişmiqyaslı brifinqlər təşkil olunacaq. Diplomatlar Alyansın tərəfdaşlıq siyasəti, tərəfdaş ölkələrlə həyata keçirilən təcrübi əməkdaşlıq mexanizmləri və qurumun gündəliyində duran əsas məsələlər barədə ətraflı məlumatlandırılacaqlar. Bununla bərabər, görüşlərdə NATO-nun ictimai mesajları, enerji təhlükəsizliyinə müasir yanaşması, eləcə də müasir çağırışlara qarşı dayanıqlığın artırılması istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.

Hərbi ekspertlər bildirirlər ki, ölkəmizin gənc diplomatlarının NATO qərargahına növbəti səfəri sıradan hadisə deyil. Bu, Azərbaycanın uzunmüddətli strateji hazırlığının və yeni geosiyasi mərhələyə uyğunlaşma siyasətinin bir hissəsidir. Burada əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan enerji ixrac edən və ya regional münaqişələrlə gündəmə gələn ölkə kimi yox, təhlükəsizlik arxitekturasının iştirakçısına çevrilmək istəyir. Qeyd etdiyimiz kimi, NATO ilə münasibətlər Azərbaycan üçün yeni mövzu deyil. Bakı uzun illərdir Alyansla əməkdaşlıq edir. Azərbaycan ordusu Kosovo, Əfqanıstan kimi missiyalarda iştirak edib, NATO standartlarına uyğunlaşma istiqamətində addımlar atılıb, hərbi təhsil və qərargah idarəçiliyi sahəsində əməkdaşlıq qurulub. İndi isə diqqət yalnız hərbçilərə deyil, diplomatik kadrların hazırlığına yönəlir. Bunu da təsadüfi hesab etmək olmaz. Çünki müasir müharibələr səngərləri, döyüş əməliyyatları dronlar, yaxın-uzaqmənzilli raketlərlə aparılır. Diplomatik masa artıq döyüş meydanının davamıdır. NATO qərargahına göndərilən gənc diplomatlar zaman yetişəndə Azərbaycanın təhlükəsizlik siyasətini formalaşdıracaq şəxslərdir. Onlar Alyansın necə işlədiyini, qərarların hansı mexanizmlərlə qəbul edildiyini, informasiya müharibəsinin necə aparıldığını öyrənirlər. Göründüyü kimi, bunlara bizim çox ehtiyacımız var. Yada salaq ki, 1990-cı illərdə müstəqillini yenicə bərpa etmiş ölkəmiz informaiya blokadasına alınmışdı. O zaman haqq səsimiz heç yerdə eşidilmirdi. Həmin blokada beş il davam etdi. Yalnız Ümummilli Liderimiz Heydər Əliyev ilk dəfə 1993-cü ildə düşmənlərimizin xaincəsinə yaratdığı blokadanı dağıdaraq haqq işimizi bütün dünyaya yaydı. Bunun özü də o vaxt ciddi bir diplomatik qələbə sayılırdı. Məhz ondan sonra Azərbaycanın ərazilərinin azad etməsi üçün apardığı mübarizəsi onun qanuni haqqı kimi tanındı. Dövlətlər bildilər ki, zəif bir ölkə olan Ermənistan Azərbaycan torpaqlarını təkbaşına zəbt etməyib, ona əlaltdan kömək edənlər, döyüş planları cızanlar, hərbi mütəxəssislərlə təmin edənlər var. Hazırkı narahat dövr hər sahədə və xüsusilə də hərbi sahədə güclü olmağı tələb edir.

Vəli İlyasov, “İki sahil”