15 yanvar 2026 14:20
158

Sən demə, “dırnaq yemək”...

Psixoloqların apardığı son təhlillərə görə, “dırnaq yemək” və dərini yolmaq kimi geniş yayılmış vərdişlər təkcə şüursuz reflekslər deyil, eyni zamanda, beynin özünü qoruma məqsədilə yaratdığı davranış formalarıdır.

Mütəxəssislər bildirirlər ki, uşaqlarda daha çox rast gəldiyimiz pis vərdişlərdən biri olan və el arasında “dırnaq yemək” adlandırılan dırnağı disləyərək qoparmağın konkret bir səbəbi yoxdur. Bu vərdiş daha çox emosional gərginliklə mübarizə, darıxma, əlləri məşğul saxlamaq ehtiyacı və bəzi hallarda uşaqlıqdan öyrənilmiş davranışlarla əlaqələndirilir.

İlk baxışdan gigiyenik olmayan və məntiqsiz görünən bu hərəkətlər, klinik psixoloq, həkim Çarli Heriot-Meytlendin sözlərinə görə, insanın daxili gərginliyini azaltmaq üçün seçdiyi üsullardan biridir. Psixoloq “The Independent” nəşrinə açıqlamasında qeyd edib ki, insan bədəni kiçik bir fiziki hissiyyat yaradaraq diqqəti daxili qorxulardan yayındıra, gərginliyi azalda və insana nəzarət hissi verə bilər. Mütəxəssisin sözlərinə görə, beyin xoşbəxtliyi təmin etmək üçün deyil, ilk növbədə, insanı təhlükələrdən qorumaq və sağ qalmasını təmin etmək üçün formalaşıb. Bu səbəbdən beyin naməlum və qeyri-iradi  emosional təhdidlərdənsə, tanış olan və nəzarət edilə bilən narahatlıqlara üstünlük verir.

Həkim Heriot-Meytlend vurğulayır ki, “dırnaq yemək” və dərini yolmaq kimi davranışlar özünə zərərvermənin yüngül formaları hesab olunur. Daha ağır hallara isə özünə fiziki xəsarət yetirmə və qida pozuntuları daxildir. Onun fikrincə, bu yüngül davranışların düzgün izahı daha ciddi psixoloji problemlərin də cəmiyyət tərəfindən daha yaxşı başa düşülməsinə kömək edə bilər.

Araşdırmalar göstərir ki, bu vərdişlər əksər hallarda insanın narahatlıq, həyəcan pozuntusu keçirdiyi dövrlərdə başlayır və zamanla təkrarlanan, öyrənilmiş davranışa çevrilir. Mütəxəssislər qeyd edirlər ki, dırnaqları qısa kəsmək və ya müxtəlif qoruyucu vasitələrdən istifadə etmək müvəqqəti fayda versə də, problemin kökündə duran psixoloji səbəblər aradan qaldırılmadıqca qalıcı nəticə əldə etmək çətindir.

Psixoloqlar tövsiyə edirlər ki, bu cür vərdişlərlə mübarizədə əsas məqsəd onları sadəcə dayandırmaq deyil, insanı bu davranışlara sövq edən daxili qorxuları və emosional ehtiyacları anlamaq olmalıdır.

Şahnigar Əhmədova, “İki sahil”