Prezident İlham Əliyevin “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etməsi mühüm strateji əhəmiyyətə malik qərardır. Bu Sərəncam müasir şəhərsalma çağırışlarına cavab verən, dayanıqlı infrastrukturun formalaşdırılmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji təhlükəsizliyin təmininə xidmət edir.
İqlim dəyişikliklərinin təsirlərinin artdığı, intensiv yağışlar və subasma risklərinin aktual problemə çevrildiyi bir dövrdə su təchizatı, yağış və tullantı suları sistemlərinin kompleks şəkildə yenilənməsi Bakının və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır: “Dövlət Proqramının Bakı şəhərinin Baş planı ilə uzlaşdırılması isə bu yanaşmanın uzunmüddətli olduğunu və elmi əsaslara söykəndiyini bir daha göstərir.
Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan yeni su anbarlarının, nasos stansiyalarının, müasir kanalizasiya və yağış suları sistemlərinin qurulması üçün məhz bu profilli, geniş dünyagörüşlü və müasir mühəndislik yanaşmalarına malik kadrların hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Əminik ki, bu Dövlət Proqramının uğurla icrası nəticəsində Bakı və Abşeron yarımadasında su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri keyfiyyətcə yeni mərhələyə yüksələcək və bu prosesdə elmi biliklə praktikanın vəhdəti həlledici rol oynayacaq.
Xüsusi vurğulamaq istərdik ki, ölkə ərazisində müasir su təchizatı və kanalizasiya infrastrukturunun formalaşdırılması əhalinin sosial rifahının yüksəldilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində dövlətin strateji prioritetlərindən biri kimi müəyyən edilib. Reallaşdırılan genişmiqyaslı islahatlar və investisiya layihələri regionların, xüsusilə də Abşeron yarımadasının su təminatının beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.
Bu çərçivədə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2025-ci ildə paytaxt və ətraf ərazilərdə dayanıqlı içməli su təchizatı, tullantı və yağış sularının səmərəli idarə olunması, habelə suvarma sistemlərinin yenidən qurulması məqsədilə mühüm layihələr icra edilib.
Bütün bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə içməli su təminatının gücləndirilməsi və su infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan strateji siyasətin bir hissəsi kimi həyata keçirilir. Bu layihələr sayəsində əhalinin gündəlik su ehtiyacı daha etibarlı şəkildə təmin olunmaqla yanaşı, tullantı sularının idarə edilməsi və kanalizasiya sistemlərinin yenilənməsi ilə ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirilir.
Ötən il Abşeron yarımadasında su və kanalizasiya infrastrukturu üzrə aparılan işlərin həcmi xüsusilə geniş olub. Belə ki, 10,4 kilometr magistral su xətti və 91,11 kilometr şəbəkə su xətti çəkilərək mövcud sistemin ötürmə qabiliyyəti artırılıb. Eyni zamanda, 38,01 kilometr ev birləşməsi xətlərinin inşası əhalinin mərkəzləşdirilmiş su təchizatına çıxışını genişləndirib.
Kanalizasiya təsərrüfatının inkişafı istiqamətində isə 33,49 kilometr kanalizasiya xətti, 16,13 kilometr kanalizasiya ev birləşməsi xətləri, 19,93 kilometr kanalizasiya kollektoru və 17,27 kilometr təzyiqli kanalizasiya kollektor xətti çəkilib.
Bununla yanaşı, 0,55 kilometr təzyiqli kanalizasiya xətti, 0,19 kilometr mikrotunel xətti və 2,09 kilometr yağış suyu xətlərinin inşası şəhər mühitində çirkab və yağış sularının təhlükəsiz idarə olunmasına şərait yaradıb. Görülən tədbirlər çərçivəsində 6472 ədəd mexaniki su sayğacının quraşdırılması da təmin edilib.
Bundan əlavə, Ələt Azad İqtisadi Zonasında gündəlik məhsuldarlığı 2000 kubmetr olan tullantı su təmizləmə qurğusunda layihə üzrə nəzərdə tutulan bütün işlər uğurla tamamlanıb.
Su ehtiyatlarından səmərəli istifadə və itkilərin minimuma endirilməsi məqsədilə istehlakın dəqiq uçotunun aparılması da prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu sahədə həyata keçirilən tədbirlər yalnız suya qənaəti təşviq etmir, eyni zamanda, abonentlərlə xidmət göstərən qurumlar arasında münasibətlərin daha şəffaf və səmərəli qurulmasına şərait yaradır. Rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi isə şəbəkənin operativ monitorinqinə və idarə olunmasına əlavə imkanlar açır. Bu çərçivədə ötən il məhəllədaxili və binadaxili su təchizatı sistemlərinin yenidən qurulması, eləcə də məişət su sayğaclarının quraşdırılması layihəsi üzrə 5299 ədəd mexaniki su sayğacı quraşdırılaraq istehlakçıların dəqiq uçotla təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Dayanıqlı və keyfiyyətli su təminatı əhalinin sağlamlığının qorunmasında əsas amillərdən biridir. Proqramın icrasıyla bütün əhalinin fasiləsiz olaraq təmiz içməli su ilə təmin olunması, suyun keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və su ilə əlaqəli xəstəliklərin qarşısının alınması təmin ediləcək.
Müasir kommunal infrastruktur investorlar üçün mühüm meyardır. Su təchizatı və kanalizasiya sistemlərinin etibarlı işləməsi biznes mühitinin yaxşılaşmasına, yeni müəssisələrin açılmasına və iqtisadi fəaliyyətin canlanmasına şərait yaradır.
Bakı və Abşeron yarımadası turizm baxımından böyük potensiala malikdir. Müasir kommunal infrastruktur turizm sektorunun inkişafı üçün zəruri əsas yaradır və beynəlxalq standartlara uyğun xidmət göstərilməsinə imkan verir. Su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ərazidə yerləşən əmlakın dəyərini artırır, daşınmaz əmlak bazarının inkişafına təkan verir və şəhərsalma proseslərinin keyfiyyətini yüksəldir. Proqram dəniz ekosisteminin qorunmasına və su hövzəsinin çirklənməsinin qarşısının alınmasına yönəlib.
Abşeron yarımadasında həyata keçirilən kompleks su təchizatı, kanalizasiya və suvarma layihələri regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edir. Görülən işlər su təsərrüfatı sahəsində uzunmüddətli dayanıqlığın təmin edilməsi və müasir infrastrukturun formalaşdırılması istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə reallaşdırıldığını bir daha təsdiqləyir.
Bir sözlə, ölkə başçısının su təchizatı ilə bağlı səsləndirdiyi fikirlər bu istiqamətdə yeni yol xəritəsidir.
Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri
Su təchizatı layihələri həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir