Bu gün Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində “Masdar” şirkətinin təşkilatçılığı ilə başlayan 18-ci Dünya Gələcək Enerji Sammiti işini panel müzakirələrlə davam etdirib.
“İki sahil” xəbər verir ki, Avropa İttifaqı ilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında “Yaşıl transformasiya naminə əməkdaşlıq” layihəsi çərçivəsində keçirilən panel iclasında “Masdar” şirkətinin Yaşıl hidrogen idarəsinin icraçı direktoru Məhəmməd Əbdülqadir ər-Ramhi qarşılıqlı investisiyaların əhəmiyyətindən danışıb.
Məhəmməd ər-Ramhi əlavə edib ki, BƏƏ ilə Avropa İttifaqı arasında qarşılıqlı investisiyaların həcmi trilyonlarla dollara çata bilər. Beynəlxalq bankların proqnozlarına əsasən, 2040-cı ilə qədər təkcə yaşıl hidrogenə qlobal investisiyalar 11 trilyon dolları ötəcək.
“Emirates Nature – WWF” təşkilatında İqlim və Təbiətin Mühafizəsi üzrə baş icraçı direktor Marina Antonopulu iqlim dəyişikliyinə uyğunlaşma və insan rifahı baxımından yaşıl dəhlizlərin və biomüxtəliflik təşəbbüslərinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Əbu-Dabinin manqrov meşələrinin salınması sahəsində gördüyü işləri təqdirəlayiqdir.
Məşhur britaniyalı jurnalist və aparıcı Riçard Dinlə keçirilən panel müzakirəsində “Global CMX” şirkətinin icraçı direktoru Trevor Duşarm 2024-cü ilin noyabrında BƏƏ ilə Avstraliya arasında imzalanmış enerji sahəsində hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi barədə danışıb. O, bu sazişi iki ölkə arasında enerji dəhlizində dönüş nöqtəsi adlandıraraq, milyardlarla dollarlıq investisiyalara zəmin yaratdığını və davamlı inkişaf yolunu yenidən müəyyənləşdirdiyini bildirib.
Əbu-Dabi Enerji departamentinin Enerji səmərəliliyi sektorunun icraçı direktoru Əhməd Əl-Fəlasi çıxışında enerji sektorunda transformasiyanı sürətləndirmək üçün inteqrə olunmuş sistemlərin dizaynının vacibliyini, eyni zamanda etibarlılığın və enerji təhlükəsizliyinin qorunmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, Əbu-Dabinin təmiz enerji sahəsində keçdiyi yol göstərir ki, enerji transformasiyası tək bir texnologiya ilə deyil, bütün sistemlər birlikdə işləmək üçün dizayn edildikdə uğur qazanır: “Bu gün Günəş enerjisi artıq yeni bir seçim deyil, infrastrukturun bir hissəsidir. Biz sınaq layihələrindən onların geniş şəkildə kommunal icrasına keçmişik. Buna “Nur Əbu-Dabi (1,2 giqavat), Zafra (2 giqavat) və əl-Acban (1,5 giqabat) layihələri nümunədir. Günəş enerjisi sistemləri və enerji saxlanması genişləndikcə qarşıda duran əsas məsələ Günəş işığının azaldığı vaxtlarda enerji davamlılığını təmin etməkdir. Günəş, nüvə, hidrogen texnologiyalarının birlikdə tətbiqi iqtisadi artımı dəstəkləyən və enerji təhlükəsizliyini qoruyan balanslı enerji sistemi formalaşdırır”.