14 yanvar 2026 15:15
148

Mənəvi dəyərlərimizin təməl daşı - MÜSAHİBƏ

Əməkdar artist Azad Şükürov: Dilimizi dünya miqyasında təbliğ edə biləcək əsas sahə kino və teatr fəaliyyətidir ki, bu sahədə işlərimiz elə də qənaətbəxş deyil

Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvətlərindən, milli kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu xalqımız öz ana dilinə sahib çıxmaqla milli varlığını qoruyub, onu beynəlxalq müstəviyə çıxarıb. Müasir dövrdə bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Mövzu ilə əlaqədar Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, Azərbaycan Teatr Xadimləri İtifaqının sədr müavini, professor Azad Şükürovla həmsöhbət olduq.

-Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dilimizdən də ətraflı söz açdı. Hətta bildirdi ki, dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. Bu çağırış bir daha bizə xatırladır ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın, kimliyimizin və mənəvi dəyərlərimizin təməl daşıdır. Bu fikirlə bağlı nələr deyə bilərsiniz?

-Bəli, ölkə başçısı bildirdi ki, dil həm də strateji məsələdir, xalqın kimliyini təyin edən dəyərlər toplusudur. Millətin normal bir millət olması üçün onun gərək dili ola. Dilin də dil olması üçün gərəkdir ki, o dildə normal vəziyyətdə, bütün gözəlliyi ilə danışmağı bacaran millət ola.

 Prezident İlham Əliyev 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına müsahibəsində “Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir” söyləməklə dilimizlə, danışığımızla bağlı çox əhəmiyyətli yol xəritəsinə çevrilə biləcək fikirlər söylədi.  Mən artıq 42 ildir ki, ADMİU-da Səhnə danışığı, Nitq mədəniyyəti, Natiqlik sənəti, Televiziyada danışıq və bu kimi fənlərdən dərs deyirəm. Yetişdirdiyim tələbələr arasında dövlətimizin fəxri adlarına layiq görülmüş sənət adamları, tanınmış televiziya aparıcıları, kino və teatr xadimləri var. Yəni, bütün həyatını ana dilimizdə düzgün və aydın danışmağın təbliğ edilməsinə həsr edən biri kimi bu məsələlərə biganə qala bilmərəm. Ümummilli Liderimiz Heydər Əliyevin dilimizə olan münasibətindən və bu sahədə atdığı cəsarətli addımlardan günlərlə danışmaq olar. İndi də möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahəyə diqqət artırması biz sənət adamlarına, bu sahədə pedaqoji fəaliyyət göstərənlərə sanki bir stimul verdi, qarşımızda daha konkret vəzifələr qoydu.

-Sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olub. Bu proses davam edir. Hazırda bunu normallaşdıra bilirikmi?

- Nitqdə, danışıqda saflığın, sərrastlığın tərbiyə edilməsində mütaliənin rolu əvəzolunmazdır. Nə olsun ki, Sovet dövrünün ədəbiyyatıdır, bizim dilimizin zənginliyini kəşf eləmək istəyirsinizsə Yusif Vəzir Cəmənzəminlinin, Süleyman Rəhimovun, Əli Vəliyevin, İlyas Əfəndiyevin, İsa Muğannanın, Anarın, Elçinin əsərlərini oxuyun. Bu yazıçıların əsərlərinin mütaliə edilməsində fayda var. Bizim dilimizin şəhdi-şəkəri ədəbiyyatımızdadır. Nitqimizin, danışığımızın gözəlliyi, zənginliyi həm müasir yazarlarımızın, həm də artıq klassikaya çevrilmiş yazıçı və şairlərimizin əsərlərindədir. 

Bütün bunlara baxmayaraq, Sovet təbliğat maşını milli dəyərlərə elə də rəğbət bəsləmirdi. O cümlədən tutaq ki, bizim dilimizə olan müqəddəs münasibətimizə yumşaq desək qısqanclıqla yanaşırdı. Etiraf etməliyik ki, bütün ölkəni bürüyən sovetləşmə adı altında ruslaşdırma prosesindən bizim respublikamız da kənar qalmamışdır. Bax bu “prosesin” əsdirdiyi yellər zaman-zaman Azərbaycan dilinin də başı üstündən keçirdi və obrazlı desək bəzən kövrək yaşıl yarpaqları da vaxtından əvvəl soldururdu. Bu yerdə dilimizə xüsusi diqqət yetirən, bu sahədə çalışanlara qayğı göstərməsi ilə tarix yaradan Heydər Əliyevin ruhuna bir salavat düşür.

Təəssüf olsun ki, bu təsir hələ də tamamilə ötüb keçməyib. Cəmiyyətdə hələ də o yellərin təsiri altında saçlarını darayanlar var. Etiraf edək ki, nəinki cəmiyyətdə, lap elə dilin qayğısına qalmaq peşə borcu olan televiziyalarımızdakı, radiolarımızdakı səslənən danışığımızda kifayət qədər qüsurlar var. Yox, mən hər şeyi qara rəngdə görən, cəmiyyəti ümidsizliyə inandırmaq istəyinlərdən deyiləm.  Əlbəttə, müsbət tərəflər də var. Danışığına, söylədiyi fikirlərə diqətli olan kifayət qədər uğurlu diktor və aparıcılarımız var. Yeri gəlmişkən, özünü tərif olmasın mən zaman-zaman danışıq sənətindən çörək qazanan bu və ya digər aparıcıların nöqsanlarına rast gələndə həmən iradımı bildirir, qüsurlarını izah edirəm. Təəssüf ki, bu “sənətkarların” əksəriyyəti güzgünü sındırmağa daha çox həvəslidirlər, nəinki ləkələrini silməyə. 

  Bilirsiniz vacib bir məqamı qarışdırmaq olmaz. Bir var dil, bir də var o dildə danışmaq. Dilimizin heç bir problemi yoxdur. Musiqili, yumşaq, hər bir fikri qısa və konkret ifadə edəcək dərəcədə zəngin bir dilimiz var. İndi gəl ki, ana dili adlandırdığımız bu dildə necə danışırıq məsələsində problemlər çoxdur. A kişi, problem yumşaq səslənir ey, belə düşmən münasibəti müşahidə olunmaqdadır.                   

  Hələ M.Ə.Sabirin şeirlərində, C.Məmmədquluzadənin, Ü.Hacıbəylinin felyetonlarında bu nöqsanlarımız haqqında üzümüzə şillə kimi çırpılan iradlar var. Hansını deyim. Allah Məhəmməd Füzuliyə rəhmət eləsin “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” kimi eyham qoyub gedib.

   Allaha and olsun ki, hərdən istəyirəm şəhərimizin uca bir nöqtəsinə çıxıb qışqıram ki, ay qardaşlar, nə əyninizdəki bahalı kostyumlar, nə taxdığınız firmaların qalistukları, nə qolunuzdakı saatlar, nə ayaqqabılarınız, nə də mindiyiniz bahalı maşınlar sizin ziyalılıq mərtəbənizi ehtiva eləmir. Ağzınızı açan kimi səviyyəniz görsənir. Amanın günüdür, birdən elə bilərsiniz ki, kiminsə imkanlı dolanmasına qısqanclıq hissi var. Yox, Allah xatirinə, qoy millətimiz yaxşı yaşasın. Yaxşı geyinsin, bahalı maşınlarda gəzsin. Bunun nəyi pisdir ki? Bəs yuksək səviyyəli fikirlər söyləyərək, aydın danışmaq, təmiz tələffüzə malik olmaq, səlist və konkret danışmaq, bəs fikirlərini işıqlı surətdə izhar eləmək, axı bunlardır mədəniyyət, bunlardır gözəllik. Yoxsa düz demirəm?

-Azərbaycan dilinin beynəlxalq müstəvidə və müxtəlif qlobal platformalarda təbliğini qənaətbəxş hesab etmək olarmı?

-Mən qənaətbəxş hesab eləmirəm. Əlbəttə, müsbət tərəflər də var. İstər Heydər Əliyev Fondu, istər TÜRKSOY, istərsə də bu və ya digər səfirliklərimizin müsbət fəaliyyətləri nəticəsində beynəlxalq miqyasda mədəniyyətimiz kifayət qədər təmsil edilir. Deməli, dolayısı ilə dilimiz də təbliğ olunur. Təəssüf ki, dilimizi dünya miqyasında təbliğ edə biləcək əsas sahə kino və teatr fəaliyyətidir ki, bu sahədə işlərimiz elə də qənaətbəxş deyil. İkinci Dünya müharibəsindən sonra, xüsusilə 1970-80-ci illərdə və sonrakı dövrlərdə çəkdikləri filmlərində öz millətlərini yüksək səviyyədə təqdim edən yəhudi əsilli bir neçə kinorejissorun adını çəkmək istəyirəm.  Steven Spielberg, Stanley Kubrick, Roman Polanski və s. kimi məşhurları deyirəm. Onlar dram, komediya, triller, elmi-fantastika janrlarında çoxsaylı məşhur filmlər yaradıblar və tez-tez yəhudi mədəniyyəti, tarixi və psixologiyası mövzularına toxunublar. Müəyyən kadrlarda yəhudi dilini səsləndiriblər.  Nəhayət, bu yolla dünya xalqları arasında yəhudi millətinə, yəhudi dilinə və mədəniyyətinə rəğbət, hörmət qazandırıblar. Arzu edərdim ki, dilin, mədəniyyətin dünya miqyasında təbliğ edilməsində müstəsna xidmətlər göstərə biləcək teatr və kino sahəsində bizim də beynəlxalq aləmə çıxarıla biləcək uğurlu işlərimiz olsun.

-Bugünkü televiziya və radionun dili sizi qane edirmi? Yeri gəlmişkən, dilin qorunub saxlanılmasında medianın xüsusi rolu var.

-Bilirsiniz, bu, bir faktdır ki, bizim xalqımız radio və televiziyada səslənən danışığı, nitqi etalon kimi qəbul edir. Hərdən mübahisə edəndə “Əşi nə danışırsan, bu sözü televiziyada belə tələffüz edirlər” deyə dirəşirlər də. Əcəba, gəlin görək televiziya və radioda danışarkən, veriliş aparıcısı kimi fəaliyyət göstərərkən nitqimizi bu etalon səviyyəsinə layiq qura bilirikmi?   

Danışıq sənəti kifayət qədər mürəkkəb, xüsusi hazırlıq tələb edən bir peşə sahəsidir. Bu və ya digər teleradio məkanlarında çalışan aparıcılar kimi, müxtəlif sahələrin şərhçiləri də danışıq keyfiyyətlərinin cilalanmasına, səslərinin qurulmasına, söz ehtiyatlarının zənginləşməsinə xüsusi diqqət verməlidirlər. Bütün dünyada, o cümlədən mənim çalışdığım ADMİU-da televiziyada danışıq ayrıca fənn olaraq xüsusi bir proqram əsasında tədris edilir. Bi işin nəzəri və praktiki cəhətləri var.  Bu tələblər səviyyəsindən yanaşdıqda kimin təfəkkürü bəsit olduğu aydınca görünür. Təbii ki, dilimizin qorunub saxlanılmasında medianın rolu danılmazdır. Respublikamızda tanınmış media işciləri vardır ki, onların əksəriyyəti ilə zaman-zaman dilimizin qorunması haqqında müzakirələrimiz olur. Onların bir mütəxəsis kimi səviyyələrinə yaxşı bələd olduğum üçün bu sahəyə toxunmağa ehtiyat edirəm. Hər sahənin öz peşəkarı var. Onların peşə heysiyystına hörmətlə yanaşmaq heab edirəm ki, elə bir mədəniyyətdir. Yəni, qoy bu barədə onlar danışsınlar.

-Biz öz dilimizi qorumaq üçün nələrə əməl etməliyik?

-Mənə elə gəlir ki, orta məktəblərin yuxarı siniflərində, ixtisasından asılı olmayaraq bütün ali və orta ixtisas məktəblərində, Nitq mədəniyyəti və ya Natiqlik sənəti bir fənn kimi tədris edilməlidir. Eyni zamanda, sənətin danışıq növünü seçən gənclərin bu sahədə hazırlıq prosesini keçməsinin vacibliyini diqqətə almaq lazımdır. Bu mənada ADMİU-dakı mütəxəssislərin gücündən daha səmərəli surətdə istifadə etmək faydalı olardı. Yeri gəlmişkən, Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının müsbət nəticələri sevindirici haldır, ümidverəndir. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşlarının da bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Amma etiraf eləməliyik ki, ümumi vəziyyət elə də ürəkaçan deyil. Danışıq sənəti istiqamətində heç bir hazırlıq prosesi keçməyən, savadsız, bütün fəaliyyəti boyunda dilimizin “anasını ağladan” aparıcı və diktorların yağışdan sonra göbələk kimi efir və ekran məkanımızı işğal etməsinə mane olmaq lazımdır. Yoxsa bunun ağır nəticələrini aradan qaldırmaq daha çətin olacaq. Yeri gəlmişkən qeyd edim ki, həm Bakı şəhərində, həm də bölgələrdə fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin adlarının və reklamlarının təqdimatındakı qüsurları aradan qaldırmağa da ehtiyac var.

Qvami Məhəbbətoğlu, “İki sahil”