“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Bakı Biznes Universiteti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Böyük Qayıdışı uğurla həyata keçirən Lider!” mövzusunda tədbir keçirilib.
Bakı Biznes Universitetində baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rövşən Muradov, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Bakı Biznes Universitetinin professor-müəllim heyəti, tələbə kontingenti və Partiya üzvləri iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Universitetin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov tədbir iştirakçıalrını salamlayaraq ilk öncə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməllər əsasında Prezident İlham Əliyev müstəqil Azərbaycanın misilsiz inkişaf yolunu müəyyənləşdirib. Böyük Qayıdış Azərbaycan dövlətçiliyinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf xəttinin məntiqi davamıdır. Məhz Ümummilli Lider Heydər Əliyev milli dövlət quruculuğunun əsaslarını yaradaraq torpaqlarımızın bərpasını tarixi məqsəd kimi formalaşdırdı. Bu siyasi və ideoloji xətt Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə uğurla davam etdirildi. Hərbi-siyasi və diplomatik sahələrdə əldə olunan nailiyyətlər xalq-iqtidar-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirib. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqımızın həmrəyliyinin təntənəsi idi. Bu Zəfər həm doğma torpaqların azad olunması, həm də dövlət suverenliyinin bərpasına gətirib çıxardı. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Qayıdışın reallığa çevrildiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı layihələr burada həyatın yenidən canlanmasının təzahürüdür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad torpaqlarda müasir infrastruktur qurulur, yeni yaşayış mühiti formalaşır. Həmin proses gələcək nəsillərə sabit və firavan həyat bəxş edəcəkdir. Tarixi torpaqlara qayıdış dövlət başçısının müdrik siyasətinin təntənəsidir. Sosial baxımdan Böyük Qayıdış insan ləyaqətinin bərpasıdır. Sakinlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi planlı və təhlükəsiz şəkildə həyata keçirilir. Müasir yaşayış kompleksləri, infrastrukturlar yüksək həyat və fəaliyyət standartlarına cavab verir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu proseslərdə humanitar və sosial istiqamətlərin əsas təminatçısıdır. Heydər Əliyev Fondu azad edilmiş ərazilərdə ardıcıl uğurlu şəkildə təhsil, mədəniyyət və sosial layihələr icra edir.
Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, Böyük Qayıdış prosesi Azərbaycan dövlətinin suverenliyinin tam bərpasından sonra həyata keçirilən ən strateji milli layihələrdən biridir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyü təmin edilmiş, Dövlət Bayrağı azad olunmuş bütün ərazilərdə ucaldılmışdır. Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyası məqsədilə “Azərbaycan 2030” Milli Prioritetləri, 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası və “Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır. İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat və digər sektorların yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək və əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt və imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye və ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır.
Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı tarixən azadlıq və ədalət uğrunda mübarizə aparıb və həmin mübarizənin zirvəsi olan Zəfərin beşinci ildönümünü yaşayır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun inkişaf etdirilib. Bu siyasət nəticəsində ölkəmiz iqtisadi, hərbi və diplomatik sahələrdə böyük nailiyyətlərə imza atıb. Vətən müharibəsində qazanılan tarixi Qələbə bu uğurların məntiqi nəticəsi idi. Azad edilən torpaqlarda həyata keçirilən Böyük Qayıdış Proqramı xalqın doğma yurda dönüş sevincini reallaşdırır. Böyük Qayıdış müasir Azərbaycanın siyasi, sosial və ideoloji inkişaf konsepsiyasının mərkəzində dayanır. Bu konsepsiyanın təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi güclü dövlətçilik fəlsəfəsi dayanır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcək inkişafını ərazi bütövlüyünün bərpası ilə birbaşa əlaqələndirmişdi. Prezident İlham Əliyev bu tarixi missiyanı qətiyyətlə həyata keçirən Lider kimi çıxış etdi. Onun rəhbərliyi ilə Azərbaycan regional və beynəlxalq miqyasda yeni siyasi reallıqlar yaratdı. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sistemli və mərhələli şəkildə aparılır. İqtisadi baxımdan bu ərazilər yeni inkişaf zonaları kimi formalaşdırılır. Nəqliyyat-logistika və yaşıl enerji layihələri uzunmüddətli iqtisadi dayanıqlığı təmin edir. Bu torpaqlarda tikilən məktəblər, xəstəxanalar, yollar və yaşayış məntəqələri dövlətin bərpa-quruculuq iradəsini nümayiş etdirir.Sosial sahədə Böyük Qayıdış vətəndaş rifahına əsaslanır. Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı sosial ədalətin bərpasıdır. Təhsil, səhiyyə və məşğulluq imkanları paralel şəkildə yaradılır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva sosial layihələrin icrasında mühüm rol oynayır. Heydər Əliyev Fondunun təşəbbüsləri sosial, humanitar bərpanın əsas dayaqlarındandır. İdeoloji baxımdan Böyük Qayıdış milli birliyin möhkəmlənməsidir. Bu siyasət Azərbaycanın gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. Bu proses xalqın birliyini, dövlətə inamını və Vətən sevgisini daha da gücləndirir. Qayıdış prosesi həm milli qürurun, həm də suveren dövlətçiliyin təntənəsidir.
Sonda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələni təşkil edir. Bu mərhələnin ideoloji və siyasi əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası milli maraqların qorunmasına və tarixi ədalətin bərpasına xidmət edirdi. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasi xətt və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində uzun illər arzuladığı müqəddəs qayıdışa nail olub. 30 ilə yaxın müddətdə düşmən işğalı altında qalan torpaqların azadlığı uğrunda mübarizə xalqımızın əzmini, birliyini və dövlətə sədaqətini nümayiş etdirib. Qazanılan Zəfər və suverenliyin tam təmin olunması yalnız hərbi deyil, eyni zamanda tarixi ədalətin təntənəsidir. Bu böyük uğurun təməlində Ulu Öndər Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin uğurlu siyasəti və müasir ordu quruculuğu dayanır. Qalib Azərbaycan postmünaqişə dövründə inkişaf, quruculuq mərhələsinə qədəm qoydu, Qarabağ və Şərqi Zəngəzur Böyük Qayıdışın əsas mərkəzlərinə çevrildi. Bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətin iqtisadi potensialını nümayiş etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış Proqramı azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını təmin edir. Şəhər və kəndlərin yenidən qurulması, müasir infrastruktur və yaşıl enerji layihələri Azərbaycanın inkişaf yolunun bariz nümunəsidir. Tarixi torpaqlara qayıdış milli kimliyin bərpası və dövlətin qüdrətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri, bərpa quruculuq işləri ilə yaxından tanış olması, bir sıra açılışları etməsi, sakinlərlə görüşməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün artıq azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılıb. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs verir. Qeyd olunub ki, sosial aspektdə Böyük Qayıdış prosesi sakinlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi təhlükəsizlik və davamlılıq prinsiplərinə əsaslanır. Yeni yaşayış məntəqələri müasir şəhərsalma standartlarına uyğun inşa edilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Böyük Qayıdış prosesində görülən titanik işlərin koordinasiyası və həyata keçirilməsində mühüm rol oynayır. Fond bundan əlavə azad edilmiş ərazilərdə mədəni irsin və sosial obyektlərin bərpasına xüsusi töhfələr verir. İdeoloji baxımdan Böyük Qayıdış milli ruhun və tarixi yaddaşın dirçəlişidir. Bu proses Lider–xalq birliyinin və güclü dövlət modelinin parlaq təzahürüdür.
Tədbirdə cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına dəstək olaraq, eyni zamanda, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun təklifi ilə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Biznes Universitetinin könüllü tələbələrindən ibarət tələbə-inşaat dəstələrinin yaradılması və həmin dəstələrin yay tətili müddətində işğaldan azad olunmuş torpaqlarda müxtəlif bərpa-quruculuq işlərinə cəlb edilməsi layihəsinin həyata keçirilməsi qərara alınmışdır.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səslənidirlib, xatirə şəkli çəkdirilib.