ABŞ 2025-ci ildə Karib dənizində narkotik daşınmasında şübhəli bilinən bir gəmiyə qarşı ilk zərbəni mülki təyyarə kimi kamuflyaj edilmiş “gizli təyyarə” vasitəsilə həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə The New York Times qəzeti adları açıqlanmayan rəsmi şəxslərə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, ötən ilin sentyabrında Pentaqon Tramp administrasiyasının bəyanatına əsasən, narkotik qaçaqmalçılığı ilə məşğul olan bir gəmiyə hücum etmək üçün xüsusi olaraq mülki təyyarə rənglərinə boyanmış gizli hərbi təyyarədən istifadə edib. Bu, ABŞ-ın dənizdə narkotik daşımalarına qarşı bu cür texnologiya ilə həyata keçirdiyi ilk əməliyyat olub.
Yanvarın 1-də isə ABŞ-ın Karib dənizində iki qayığa zərbə endirdiyi məlum olub. Həmin insident nəticəsində beş nəfər həlak olub.
Bundan əlavə, ABŞ ordusu Sakit okeanda narkokartel üzvləri tərəfindən istifadə edildiyi iddia olunan üç gəmiyə də hücum edib. Bu əməliyyatlar zamanı daha üç nəfərin öldüyü bildirilir.
The New York Times qeyd edir ki, bu cür əməliyyatlar Vaşinqtonun beynəlxalq narkotik qaçaqmalçılığına qarşı mübarizədə hərbi vasitələrdən istifadəsini genişləndirdiyini göstərir və regionda təhlükəsizliklə bağlı yeni suallar doğurur.