Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu barədə "İki sahil"ə idarədən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
BDYPİ qeyd olunan hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, onları diqqətli olmağa, verilən tövsiyələrə əməl etməyə çağırır:
"Dumanlı, yağıntılı havalarda xüsusilə sürücülər aşağıdakı təhlükəsizlik tədbirlərinə mütləq əməl etməlidirlər:
Hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz ara məsafəsi və interval mütləq qorunmalıdır;
Kəskin manevrlərdən, qəfil əyləcləmədən və əsassız ötmələrdən çəkinilməlidir;
Nəqliyyat vasitəsinin şüşələrinin, faralarının və işıq siqnallarının təmiz və saz vəziyyətdə olmasına diqqət yetirilməlidir.
Nəqliyyat vasitəsinin yaxın işıqları və ön-arxa gabarit işıqları daim yanılı vəziyyətdə saxlanılmalıdır;
Görünmə məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməlidir;
Qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətini zəiflətdiyi üçün zərurət olmadıqda uzaq işıqlardan istifadə etmək yolverilməzdir".
BDYPİ-nin xəbərdarlığında qeyd edilib ki, piyadalar da məhdudiyyətli görünmə şəraitində sürücülərin onları vaxtında və aydın görə bilmələri üçün qabaqlayıcı tədbirlər görməli, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, əlverişsiz havalarda daha diqqətli və ehtiyatlı davranmalıdırlar.
Vətən müharibəsinin 24 iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib