12 yanvar 2026 16:36
126

Şahin Mustafayev: "Tərtərçay" sağ sahil kanalında tikinti işlərinə başlanılacaq"

"Tərtərçay" sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanıb və tikinti işlərinə başlanılacaq.

“İki sahil” xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, ötən dövrdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quraşdırma, bərpa və yenidənqurma işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib: "Ali rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi ilə birlikdə həmin ərazilərdəki su ehtiyatlarımız üzərində də nəzarət bərpa edilib ki, bu da ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 20 %-ə bərabərdir. İşğaldan azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər üzrə fəaliyyətin əlaqələndirilməsini Komissiya Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edir. Laçın rayonunda Qubadlı və Zəngilan rayonları üzrə 12 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı məqsədilə həcmi 26,7 milyon kubmetr olan "Zabuxçay" su anbarı inşa edilərək istismara verilib. Ağdərə rayonunda həcmi 5,9 milyon kubmetr olan "Suqovuşan" su anbarı təmir-bərpa edilib. Dörd rayon üzrə 29,7 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına xidmət edən 20 kilometr uzunluğunda "Tərtərçay" sol sahil suvarma kanalı və onu "Suqovuşan" su anbarından su ilə təmin edən 5,2 kilometr uzunluğunda magistral kanalı yenidən qurularaq istismara verilib".

Baş nazirinin müavini qeyd edib ki, beş rayon üzrə 67 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq 50 kilometr uzunluğunda "Tərtərçay" sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanıb və tikinti işlərinə başlanılacaq: "Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən "Xaçınçay" su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15,5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6,2 min hektar təşkil edən "Köndələnçay" su anbarları təmir-bərpa edilib. Laçın rayonunda həcmi 91 milyon kubmetr təşkil edəcək "Həkəriçay" su anbarının və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək "Bərgüşadçay" su anbarının tikintisi ilə əlaqədar layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. "Həkəriçay" su anbarının ilkin mərhələdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının içməli su ilə təminatına xidmət etməsi nəzərdə tutulur. "Bərgüşadçay" su anbarı isə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları üzrə 8,8 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməklə yanaşı, "Qız Qalası" su anbarına layihələndirilən magistral kanala saniyədə 12 kubmetr suyun ötürülməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə tədbirlər davam etdirilir".