Google şirkəti istifadəçilərin tibbi analizlər və sağlamlıqla bağlı sorğularına cavab olaraq süni intellekt əsaslı AI Overviews tətbiqi tərəfindən verilmiş bir sıra tövsiyələrin silindiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu qərar The Guardian qəzetinin jurnalist araşdırmasından sonra qəbul olunub. Araşdırma göstərib ki, süni intellektin verdiyi bəzi tövsiyələr yanlış olub, bəzi hallarda isə sağlamlıq və həyat üçün təhlükə yaradıb.
AI Overviews xidməti müxtəlif veb-mənbələri təhlil edərək istifadəçi sorğularına qısa icmal şəklində cavablar hazırlayır və bu məlumatlar axtarış nəticələrində göstərilir. Google-un tərtibatçıları bu xidməti “faydalı və etibarlı” kimi təqdim edirlər.
Sağlamlıq göstəriciləri, tibbi analizlərin nəticələri, müalicəvi pəhrizlər, dərman qəbulu ilə bağlı sorğular istifadəçilər arasında ən çox verilən suallar sırasındadır. The Guardianın araşdırmasına görə, hallardan birində AI Overviews mədəaltı vəzi xərçəngi olan insanlara yağlarla zəngin qidalardan uzaq durmağı tövsiyə edib. Halbuki mütəxəssislərin sözlərinə görə, bu xəstəlik zamanı məhz belə qidalar pasiyentlər üçün tövsiyə olunur.
Başqa bir halda isə süni intellekt qaraciyərin funksional analizi ilə bağlı tamamilə yanlış məlumat təqdim edib. Bu cür məlumatlara inanan qaraciyər xəstələri özlərini sağlam hesab edərək təhlükəli nəticələr çıxara bilərdilər.
Digər tövsiyələr isə istifadəçilərin onkoloji xəstəliklərin inkişafına işarə edən vacib simptomları nəzərdən qaçırmasına səbəb ola bilərdi.
Yanlış və təhlükəli tövsiyələr silindikdən sonra Google nümayəndələri qeyd ediblər ki, AI Overviews ümumilikdə “çox keyfiyyətli mənbələrdən” istifadə edir. Şirkət axtarış nəticələrində “ayrı-ayrı silinmələrə” münasibət bildirmədiyini vurğulayıb.
“AI Overviews müəyyən hallarda konteksti tam əhatə etmədikdə, biz təkmilləşdirmələr üzərində işləyir və siyasətimiz çərçivəsində müvafiq tədbirlər görürük”, — deyə Google-un açıqlamasında bildirilib.