Bərpaolunan enerji növlərinin enerji sisteminə inteqrasiyası iritutumlu sərmayə və böyük peşəkarlıq tələb edir. Bu baxımdan, dörd il ərzində qarşılıqlı fəal investisiya əməkdaşlığı sayəsində bu bərpaolunan stansiyanın istismara buraxılması dövlətimizin yürütdüyü iradəli siyasətin növbəti uğuru, yerli energetika korpusumuzun yorulmaz əməyinin bəhrəsidir. Prezident İlham Əliyev də çıxışında bəyan etdi ki, son illər ərzində bu sahə əsas prioritetlərdən biri kimi qəbul edilib. Son 20 il ərzində ölkəmizin enerji sistemi, generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Növbəti illərdə də yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq ki, bu da Azərbaycanın enerji strategiyasının əhəmiyyətini bir daha nümayiş etdirir. Ölkə başçısının da vurğuladığı kimi Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə bu tip enerji stansiyalarının yaradılması nəzərdə tutulub. Sözsüz ki, bu amil investisiya imkanları üçün də təşviqedicidir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir.
Ölkəmizdə investisiya üçün münbit şərait mövcuddur. Bunun nəticəsidir ki, ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə qoyulub. Mövcud maliyyə imkanları və inkişaf strategiyası, siyasi, iqtisadi və sosial sabitlik bunun üçün başlıca meyarlardan biridir. Son beş ildə Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa olunub ki, bu ölkəmizin bərpa edilən və yaşıl enerjiyə olan marağının bariz nümunəsidir. Xarici kapitalın uzunmüddətli enerji layihələrinə cəlb edilməsi yalnız maliyyə resurslarının deyil, eyni zamanda qabaqcıl idarəetmə və texnoloji təcrübənin transferini təmin edir. Cənab Prezidentin əminliklə söylədiyi kimi, “bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar”. Azərbaycanın təmin etdiyi münbit və sağlam investisiya mühiti çox sağlamdır, dövlət xarici sərmayələri daim qoruyur, “sözümüz imzamız qədər dəyərlidir və qanunidir”. Digər mühüm məqam ənənəvi və bərpaolunan generasiya güclərinin paralel inkişaf etdirilməsi modelidir. Elmi baxımdan bu yanaşma enerji sisteminin elastikliyini və dayanıqlığını artıran optimal model hesab olunur. Mingəçevirdə 2000 meqavatlıq ənənəvi stansiyanın, eyni zamanda Günəş və külək elektrik stansiyalarının ardıcıl olaraq istismara verilməsi pik yüklənmələrin idarə olunması və enerji təchizatında fasiləsizliyin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın enerji təhlükəsizliyini yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşdırmadığını, eyni zamanda ixrac potensialını da genişləndirdiyini göstərir.
Azərbaycanın son 20 ildə generasiya güclərini təxminən üç dəfə artıraraq 10 min meqavat səviyyəsinə çatdırması enerji sisteminin dərin modernləşdirilməsinin nəticəsidir. Bu göstərici post-sovet məkanında nadir rast gəlinən dinamik inkişaf modelini ifadə edir. Xüsusilə qeyd olunmalıdır ki, bərpaolunan enerji mənbələrinin geniş miqyasda inteqrasiyası yüksək texniki koordinasiya və maliyyə tutumlu infrastruktur tələb edir. Bu baxımdan enerji ötürücü xətlərin, yarımstansiyaların və vahid şəbəkə mexanizminin yenilənməsi sistemli yanaşmanın mövcudluğunu təsdiqləyir. Bütün bunların kontekstində coğrafi vəziyyətinə görə digər əlverişli bölgələrdə, o cümlədən Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji növlərinin istehsalına geniş imkanlar yaranmaqdadır. Eləcə də təkcə külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsində olan Xəzər dənizinin ekosistemi enerji potensialına cəlbediciliyi artırır.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bərpa olunan enerji mənbələri üzrə böyük potensiala malikdir və bu ərazilərin tam şəkildə “yaşıl enerji zonası”na çevrilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Azad edilmiş ərazilərdə günəş, külək və hidroenerji layihələrinin reallaşdırılması, enerji infrastrukturunun sıfırdan və müasir standartlara uyğun qurulması nəzərdə tutulur. Bu yanaşma həmin regionlarda dayanıqlı məskunlaşmanın təmin edilməsinə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə, eləcə də ekoloji tarazlığın qorunmasına xidmət edir. Azad ərazilərdə tətbiq edilən vergi-gömrük, sosial güzəştlər, iqtisadi stimullar isə bu bölgəyə daha böyük maraq yaradır. Bu ərazilərdə icrasına başlanmış layihələr, Cəbrayıl rayonunda hazırda ümumi potensialı 340 meqavata bərabər olan üç günəş elektrik stansiyasının inşası onu təsdiqləyir ki, xarici investorların Azərbaycana etibar və etimadı daha da güclənir. Bu qarşılıqlı inam və fəal investisiya platforması növbəti illərdə ölkəmizdə külək, günəş elektrik stansiyalarının, digər alternativ enerji infrastrukturlarının tikintisində yeni körpünün salınacağını şərtləndirir. Azərbaycan bu hadisə ilə həm də beynəlxalq iqlim ailəsi qarşısında götürdüyü öhdəliklərə sadiqliyini və məsuliyyətini nümayiş etdirir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycanın enerji portfelində yeni mərhələ - "Xızı-Abşeron” Külək Elektrik Stansiyası
Qlobal enerji təhlükəsizliyi: Azərbaycan məsuliyyətli və etibarlı tərəfdaş kimi