10 yanvar 2026 14:57
259

Atletika millisinin yeni baş məşqçisi: Azərbaycan yığmasının uğuru naminə bütün gücümü səfərbər edəcəyəm

Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edirəm. Gücümə və işə yanaşmama inandıqları üçün minnətdaram. Azərbaycan yığmasının uğuru naminə özümü tam şəkildə bu işə həsr etməyə hazıram.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə yeni təyin olunan Tofiq Əliyev deyib.

Təcrübəli mütəxəssis qarşıya qoyulan əsas vəzifənin güclü komanda formalaşdırmaq olduğunu deyib: “Düşünürəm ki, məşqçilər heyəti ilə birlikdə qarşıya qoyulan məqsədlərə nail olacağıq. Bizim əsas prioritetimiz yığma komandanın davamlı inkişafıdır. Komandada nizam-intizamı daha da möhkəmləndirərək məşqçilər heyəti ilə səylərimizi birləşdirəcək, idmançılarımızın öz maksimumunu göstərməsinə və parlaq qələbələr qazanmasına çalışacağıq”.

Əməkdar məşqçinin sözlərinə görə, hazırda federasiya prezidenti Cavid Qurbanov atletikanın köklü inkişafı istiqamətində ciddi işlər aparır: “Bizə böyük dəstək göstərir. Hər kəs öz peşəkar fəaliyyəti ilə uğura aparan yolda töhfə verməyə çalışır. Mən bütün həyatımı atletikaya həm idmançı, həm də məşqçi kimi həsr etmişəm və Vətənimizin naminə fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm”.