10 yanvar 2026 00:49
211

Bu il sülh müqaviləsi imzalanacaqmı?

Ötən ilin avqustunda Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə edildi. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Üstəlik, tərəflər açıq şəkildə qarşıdurmaya son qoymaq və münasibətləri tam normallaşdırmaq iradəsini ortaya qoydular. Onu da bildirək ki, Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər rəsmi Bakının istədiyi kimi həllini tapdı.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, artıq sülh şəraitində yaşayırıq: “Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək”. 

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan qazandığı bu kimi uğurlardan arxayınlaşmır.  Odur ki, hərbi gücünü də artırmaqdadır. Hətta son 5 il ərzində Azərbaycan həm yerli, həm də xaricdən alınan silah və texnika ilə Silahlı Qüvvələri öz gücünü bir neçə dəfə yüksəldib. Bu isə o deməkdir ki, müasir dövrdə bölgədə sülh naminə döyüş qabiliyyəti olan orduya ehtiyac var. Xatırladaq ki, dövlətimizin başçısı Yeni il müraciətində də bildirmişdi ki, biz müharibəyə hazırlaşmırıq, müharibələr arxada qalıb. Bu isə o deməkdir ki, bu, dünyada baş verən proseslərdən qaynaqlanır. Unutmayaq ki, artıq BMT-nin fəaliyyəti yalnız kağız üzərində mövcuddur. Hətta bu qurumun qətnamələri beynəlxalq siyasətin real praktikası ilə uzlaşmır. Son hadisələr də göstərdi ki, ölkənin təhlükəsizliyini təmin etməkdə yalnız beynəlxalq hüquqa arxalanmaq olmaz. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, əsas ümid öz gücünə, tərəfdaşlığa və müttəfiqliyə bağlanmalıdır. Yeri gəlmişkən, hazırda ölkəmiz hərbi yardım çərçivəsində Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edir.

Bəli, Cənubi Qafqazda de-fakto sülh təmin olunub. Sadəcə, bunu hüquqi çərçivəyə salmaqla, sülh müqaviləsini imzalamaq lazımdır. Bunun üçün isə Azərbaycan tərəfinin beynəlxalq hüququn tələblərinə uyğun irəli sürdüyü tələb yerinə yetirilməlidir. İlk növbədə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasını dəyişdirməlidir. Siyasətçilərin fikrincə, Ermənistanın əsas qanununun dəyişdirilməsi həm də beynəlxalq münasibətlər sisteminə uyğun aktora çevriləcək təcavüzkar ölkə üçün də mühüm əhəmiyyət daşıyır. İnsafən, Paşinyan bu ev tapşırığını da aradan götürməyə çalışır. Amma xarici dairələrin təsiri altında olan revanşistlər, xüsusilə də bütün ermənilərin katolikisi II Qaregen hələ də öz ampluasındadır. Hətta o, vəzifəsindən könüllü ayrılmaq istəmir. Paşinyan isə bu məsələdə israrlıdır. Hətta o, yanvarın 8-də yerli televiziyada yayımlanan brifinqdə deyib ki, Serj Sarkisyanın (sabiq prezident) da getmək niyyəti yox idi, amma getdi: “Bu, Ktriç Nersisyana da aiddir: o, getməyə məcbur olacaq”. Qeyd edək ki, “Erməni Apostol Kilsəsinin yenilənməsi planı” təqdim edilib. Bu plan cari il yanvarın 4-də hökumət başçısı və 10 yepiskop tərəfindən imzalanıb.

Bütün bunlara rəğmən, Azərbaycan ilə Ermənistan arasında davamlı sülh naminə münasibətlərin normallaşdırılması prosesi bu il də davam etdiriləcək. Onu da qeyd edək ki,  bu il Ermənistan və Azərbaycan arasında sülhün de-yure əldə olunacağına inam çoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”