09 yanvar 2026 23:36
177

Bakıdakı məşhur binaların memarı Zivər bər Əhmədbəyov - Tarixdə iz qoyanlar

"Şəhərsalma və Memarlıq İli"nin işığında

Azərbaycan xalq memarlığının mütərəqqi ənənələrini Şərq və Avropa memarlığı ilə üzvi surətdə əlaqələndirən Zivər bəy Əhmədbəyovun yaratdığı əsərlər sırasına Təzəpir məscidi, Əmircan məscidi, Bakıdakı Əjdər bəy məscidi, Bakı Şəhər İcra Hakimiyyətinin binası və digər binalar daxildir

Bakının qədim memarlıq abidələri dünyanın bir çox şəhərlərinin arxitektura nümunələri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət inciləri əsas etibarilə ecazkar Şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi də dövrünün görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub. Onun yaratdığı bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 1873-cü il mayın 25-də Şamaxı şəhərində qulluqçu ailəsində doğulub. Onun atası Şamaxıda quberniya idarəsində kiçik məmur vəzifəsində işləyib. Atası ilk əvvəl Zivər bəyi molla məktəbinə qoyub, daha sonra isə Bakıya gimnaziyaya oxumağa göndərib. Gimnaziyanın istedadlı tələbələrindən biri kimi tanınan Zivər bəy 1893-cü ildə əlaçı tələbə kimi Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş alır. Bu məktəb həmin dövrün zəngin uşaqlarının oxuduğu təhsil ocağı hesab olunurdu.

Azərbaycanın ilk ali təhsilli memarı olan Zivər bəy Əhmədbəyov 1902-ci ildə I Nikolay adına Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən sonra Bakı Quberniya İdarəsinin texniki kimi fəaliyyət göstərib. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ildən isə Bakı şəhərinin baş memarı təyin edilib. Zivər bəyin layihəsi üzrə 1905-1914-cü illərdə Bakıda “Təzəpir” məscidi, 1912-1913-cü illərdə “Səadət” məktəbi, həmin illərdə “İttifaq” məscidi, 1898-1902-ci illərdə Göyçayda Əbülfəzlil Əbbas məscidi, 1908-ci ildə Əmircanda Murtuza Muxtarov məscidinin binaları, yaşayış evləri və digər tikililər inşa edilib.

Azərbaycanlı memarın Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb. Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. O dövrdə Bakının tanınmış simalarından olan Nabat Aşurbəyova Bakı şəhərində tikdirdiyi Təzəpir məscidinin inşasında ali təhsilli azərbaycanlı memar kimi Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə edib. Sonrakı illərdə isə Nabat xanım Zivər bəyə xeyli vəsait verərək, məşhur məscidlərin memarlığını öyrənmək üçün onu Şərq ölkələrinə ezam edib. Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim edir. Lakin Bakı Qubernator İdarəsi minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verib. Deyilənə görə, əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı.

Dövrünün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir ibadət məkanı tikmək fikrinə düşür. Bunun üçün məqsədəuyğun yer axtarılır. Nəhayət, o zaman Qanlı təpə adlanan ərazini bəyənir və məscidin orada inşa edilməsini istəyir. Beləliklə, tanınmış memar, Təzəpir məscidi və digər nadir memarlıq abidələrində iz qoyan Zivər bəy Əhmədbəyova yeni məscidin layihəsi sifariş verilir. İstedadlı memar Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy bu maraqlı layihəni bəyənərək tikintiyə başlamaq barədə tapşırıq verir. Nadir memarlıq abidəsi kimi tanınan Əjdər bəy məscidi də belə tikilir. Milli memarlıq irsi Zivər bəy Əhmədbəyovun yaradıcılığında aparıcı xətt təşkil etsə də görkəmli memar Avropa klassisizminin uğurlarından da bəhrələnirdi. Onun layihələri ilə Bakıda inşa edilmiş "Doğum evi"nin, "Uşaq xəstəxanası"nın (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu), həmçinin Bakıda və Şamaxıda tikilmiş bir sıra yaşayış evlərinin memarlıq elementlərində bunu müşahidə edə bilərik.

Zivər bəy Əhmədbəyov ictimai fəaliyyətlə də məşğul olurdu. O, 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaradır. Azərbaycan Xalq Cümhuriyyəri dövründə o, artıq Bakının baş memarı kimi fəaliyyət göstərirdi. Şəhərin daşnaklardan və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası"ndan azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək məqsədilə keçmiş Çəmbərəkənd qəbiristanlığında - indiki Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksinin layihəsi də məhz Zivər bəy Əhmədbəyova məxsusdur. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə Orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə edilmişdir. Bakıda Oftalmologiya İnstitutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.

Zivər bəy təkcə memarlıq sahəsində böyük istedad sahibi deyildi. O, rəssamlıqla da məşğul olur, həmçinin royalda və skripkada çox gözəl musiqi əsərləri ifa etməyi bacarırdı. Böyük sənətkar Tovuz və Gədəbəy rayonları ərazisində böyük torpaq sahələri olan məşhur zadəgan Allahyar bəy Zülqədərovun qızı Şövkət xanımla ailə qurmuşdu və bu izdivacdan Firəngiz adlı qızları dünyaya gəlmişdi. Amma bu evliliyin ömrü uzun sürməmişdi. Zivər bəy Əhmədbəyovun evi Bakının Çəmbərəkənd deyilən hissəsində idi. Zəngin kitabxana yaratmışdı, Rusiyanın, Avropanın müxtəlif şəhərlərindən gətirdiyi rəssamlıq və heykəltaraşlıq nümunələrindən ibarət böyük kolleksiyası da vardı.

2011-ci ildə Bakıda metronun “Nizami” stansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. İstedadlı memarın heykəlinin məhz burada ucaldılması da təsadüfi deyil. Çünki metro stansiyasının sol tərəfində tikilən binanın müəllifi Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də Z.Əhmədbəyovun adını daşıyır. Görkəmli azərbaycanlı memar Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat edib.

Sevinc Azadi, “İki sahil”