Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bir çox çətinliklərlə üzləşsə də, düzgün siyasi strategiya və xalq–dövlət birliyi sayəsində bu mərhələləri uğurla keçmişdir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Sabitlik və təhlükəsizlik təmin edildikdən sonra ölkədə genişmiqyaslı islahatlar və quruculuq işləri həyata keçirilmişdir.
Müasir dünyada dövlətlərin mövcudluğu və müstəqilliyinin qorunması təkcə diplomatik bacarıqlarla deyil, eyni zamanda güclü iqtisadiyyat, dayanıqlı siyasi sistem və çevik hərbi potensialla sıx bağlıdır. “Biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq” fikri də məhz bu reallığın ifadəsidir.
Əvvəla, güc anlayışı yalnız silah və ordu ilə məhdudlaşmır. Güclü dövlət – güclü iqtisadiyyata, savadlı cəmiyyətə, milli birliyə və aydın strateji məqsədlərə malik olan dövlətdir. Bu səbəbdən hərbi potensialın gücləndirilməsi dövlət təhlükəsizliyinin təminində mühüm rol oynayır.
Prezident cənab İlham Əliyevin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə “Biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq” ifadəsi həm də gələcəyə mesajdır. İlham Əliyev bildirir ki, müasir dünyada təhlükəsizliyin əsas təminatı hərbi gücdür. Beynəlxalq hüquq çox vaxt işləmədiyi üçün hər bir ölkə öz ordusunu gücləndirməlidir. Hərbi güc müharibə aparmaq üçün yox, ölkəyə qarşı təhdidlərin qarşısını almaq və heç kimin hücum etməyə cəsarət etməməsi üçündür. Azərbaycan güclü olmasına baxmayaraq, müharibə zamanı məsuliyyətli davranmış, ədalətsiz addımlardan çəkinmişdir. Güclü olmaq sülhü qorumağın əsas şərtidir.
Prezident İlham Əliyevin çıxışında əsas diqqət Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirdiyi siyasətə, ordu quruculuğuna, regional təhlükəsizliyə və sülh məsələsinə yönəlmişdir. Prezident vurğulayır ki, qazanılan Qələbə arxayınlıq yaratmamalı, əksinə, dövlət üçün daha böyük məsuliyyət formalaşdırmalıdır.
Dövlət başçısı qeyd edir ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin inkişafı dayandırılmamış, əksinə, sistemli şəkildə davam etdirilmişdir. 2020–2023-cü illər ərzində aparılan hərbi islahatlar, idarəetmənin təkmilləşdirilməsi və yeni silah sistemlərinin tətbiqi ordunun döyüş qabiliyyətini bir neçə dəfə artırmışdır. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının qısa müddətdə və minimal itkilərlə başa çatması bu siyasətin real nəticəsi kimi təqdim olunur.
Prezidentin çıxışında Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması məsələsinə də xüsusi yer verilir. Bildirilir ki, bu tanınma könüllü xarakter daşımamış, Azərbaycanın siyasi və hərbi təzyiqləri nəticəsində baş vermişdir. Buna baxmayaraq, Ermənistan tərəfindən mina tədarükü, silahlı qüvvələrin maliyyələşdirilməsi və digər qanunsuz fəaliyyətlər davam etdiyi üçün Azərbaycan əlavə tədbirlər görməyə məcbur olmuşdur. Bu addımlar dövlətin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı.
Çıxışda beynəlxalq hüquq və mövcud dünya nizamına münasibət də öz əksini tapır. Prezident İlham Əliyev bildirir ki, müasir dünyada beynəlxalq hüququn təsir imkanları zəifləyib və real güc faktoru həlledici rol oynayır. Bu baxımdan, hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün güclü siyasi, iqtisadi və hərbi potensiala malik olmalıdır. Azərbaycan da məhz bu yanaşma əsasında yeni reallığın formalaşmasında iştirak edir.
Sonda Prezident sülh mövzusuna toxunaraq qeyd edir ki, Azərbaycan müharibə istəmir, lakin hər zaman ona hazır olmalıdır. Onun fikrincə, əsl sülh yalnız güclü dövlətlər üçün mümkündür. Güclü ordu və qətiyyətli siyasi iradə həm ölkənin təhlükəsizliyini təmin edir, həm də regionda sabitliyə xidmət edir.
Pərviz Hüseynzadə,
Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının mühasibi